Müasir Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən yazıçı-dramaturqlardan biri də Əli Əmirlidir. Onun respublikanın müxtəlif teatrlarında səhnəyə qoyulan əsərləri mövzu rəngarəngliyi, aktuallığı ilə seçilir, tamaşaçılar tərəfindən maraqla qarşılanır. Əli Əmirlinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulan axırıncı əsəri “Sevən qadın” adlı ikihissəli “məhəbbət dastanı”dır.
   
   Bir aktrisanın unudulmuş həyatını qələmə alan Əli Əmirli melodram janrında uğurlu əsər yaradıb, ömrünü sənətə həsr edən, həyatda isə o qədər də ciddi olmayan bir qadının eşq macərasını çatdırmağa çalışıb. “Sevən qadın” pyesi rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda özünün səhnə təcəssümünü tapıb. Əsərin rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı isə Elşad Şabanovdur.
   Əsərdəki əsas hadisələr beş obrazın - Elmina, Qalib, Müxbir, Mina, Şölənin üzərində qurulub. İlk tamaşası 2009-cu ilin iyununda oynanılan və seyrçilər tərəfindən rəğbətlə qarşılanan “Sevən qadın”da rejissorun uğurlu yozumu, aktyorların məharətli ifası ilə yanaşı, müasir səhnə mizanı, rəssam işi, dekorasiya, işıq effektləri vəhdət təşkil edir.
   Tamaşada bir aktrisanın (Elmina) taleyini canlandıran Əməkdar artist Sənubər İsgəndərli obrazı inandırıcı nüanslarla yaradıb, xüsusən də obrazın bir haldan başqa hala düşməsini, keçid məqamlarını bacarıqla təqdim edə bilir. Əsərdə mürəkkəb obrazlar olan Elminanın sevgilisi, məşuqu Qalib və Müxbir rollarının ifasını rejissor bir aktyora - Əməkdar artist Füzuli Hüseynova həvalə edib. Rejissor bununla Elminanın ikinci sevgilisinə (Müxbir) olan məhəbbətinə haqq qazandırmağa çalışıb. Sən demə, gözəl boy-buxun, məlahətli səs var-dövlət içərisində üzən Qalibdə olduğu kimi, kasıb Müxbirdə də var. Var-dövləti isə artıq Elmina əldə edib. Belə olan halda sensasiya oyadan məqalələr yazan jurnalisti sevməklə Elmina nə itirir?! Həm zəngin iş adamı Qalib, həm də maddi sıxıntı içində çırpınan müxbir surəti F.Hüseynovun ifasında çox real alınıb.
   Elminanın rəfiqəsi Şölə rolunda çıxış edən Əməkdar artist Mehriban Xanlarova da qəhrəmanını öz ifaçılıq manerası ilə canlandırıb. Onun Şöləsi bir az yumorlu, bir az da istehzalıdır.
   Tamaşada əsas rollardan biri olan Mina obrazını müvəffəqiyyətlə canlandıran Xalq artisti Laləzar Mustafayevanın ifasını da xüsusi qeyd etmək istərdik. Aktrisanın (Elmina) anası Minanın surətini yaradan L.Mustafayeva öz rolunu böyük bacarıqla ifa edib. Aktrisa səhnədəki məharəti ilə özünü tamaşaçıya sevdirə bilir. Özünün səhnə qəhrəmanı Minanın timsalında meşşan qadınların həyat gerçəkliklərini göstərməyi bacaran L.Mustafayeva obrazın daxili aləminin açılması üçün xüsusi vasitələr tapır. Tamaşaçı inanır ki, Elminanın xarakterindəki çatışmazlıqlar onun anasının - Minanın əməllərindən irəli gəlir.
   “Sevən qadın” tamaşasının bütün yaradıcı heyəti səhnə əsərinin uğurlu alınması üçün üzərinə düşən işi layiqincə yerinə yetirməyə müvəffəq olub.
   
   Leyla Mirzəzadə,
   tələbə-teatrşünas