Avropada ən mötəbər musiqi sənəti festivallarından biri olan Münxen festivalında 36 dövlətdən musiqiçilər iştirak edirlər.
   
   Festivala Avropanın müxtəlif ölkələrindən, Latın Amerikası, ABŞ, Yaponiya və s. dövlətlərdən yüksək səviyyəli vokalçılar, dirijor və rejissorlar qatılıblar.
   Tədbir çərçivəsində bütün tamaşa və konsertlər anşlaqla keçir, Almaniyanın və digər Avropa ölkələrinin KİV-lərində, telekanallarında geniş işıqlandırılır.
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən bildiriblər ki, teatrın simfonik orkestri Münxen festivalının Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə bir sıra tanınmış vokalçılarla yanaşı, məşhur dirijorlar Xose Kallada (İspaniya) və Korneliya Kerssenbrofk (Almaniya) iştirak edəcəklər.
   Avqustun 8-də keçiriləcək Qrand-final konsertində dünyanın ən tanınmış bəstəkarlarının əsərləri ilə bərabər, Azərbaycanın görkəmli bəstəkarları - Üzeyir Hacıbəyli və Qara Qarayevin, Polad Bülbüloğlunun əsərləri də ifa olunacaq.
   Konsertdə orkestri Korneliya Kerssenbrofk və Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər. Azərbaycan Opera və Balet Teatrı simfonik orkestrinin Avropada böyük nüfuza malik festivalda iştirakı, şübhəsiz, respublikamızın mədəni həyatında parlaq hadisə olacaq və musiqi sənətimizin yüksək professional səviyyəsini bir daha təsdiq edəcək.