Azərbaycan milli peşəkar teatrının 138-ci mövsümünün açılışı Sumqayıt Dövlət Musiqili Dram Teatrında gerçəkləşəcək
   
   
   1873-cü ildə təməli qoyulmuş Azərbaycan milli peşəkar teatrının 138-ci mövsümünün açılışı münasibəti ilə bu gün, sentyabrın 15-də Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında bayram tədbiri keçiriləcək. Bu əlamətdar gündə Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında Bakı şəhərində fəaliyyət göstərən bütün teatrların kollektivləri toplaşacaq. Azərbaycan Dövlət Teatr Muzeyi və Milli Kitabxana tərəfindən milli teatrın 138 illiyi münasibətilə hazırlanan səyyar sərgi də Sumqayıt Dram Teatrının qarşısındakı meydanda nümayiş olunacaq.
   
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Akademik Opera və Balet Teatrı, Rus Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı, “Yuğ» Dövlət Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı və Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti mövsümün açılış mərasimində iştirak edəcək.
   
   Opera və Balet Teatrı mövsümə “Koroğlu” ilə başlayacaq
   
   Sentyabrın 19-da 102-ci mövsümünü açacaq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tamaşaçılara ilk olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, tamaşanın nümayişi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunacaq.
   Dövlət Akademik Opera və Balet Teatrının rəsmi internet saytı istifadəyə verilib. Saytda istifadəçilər teatrda nümayiş olunacaq tamaşalar haqqında ətraflı məlumat əldə edə biləcəklər.   

    Milli Dram Teatrında yeni mövsümün açılışı gələn il olacaq
   
   Yeni mövsümə payızda başlayan digər teatrlardan fərqli olaraq, Azərbaycan Akademik Milli Dram Teatrı burada aparılan yenidənqurma işləri ilə əlaqədar mövsümü 2011-ci il martın 27-də - Beynəlxalq Teatr Günündə açacaq.
   Teatrdan bildiriblər ki, açılış gününə kimi teatrda bir neçə tamaşa yeni quruluşda səhnələşdiriləcək. Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında teatrın baş rejissoru Mərahim Fərzəlibəyovun quruluş verdiyi “Hökmdar və qızı” tamaşasının məşqləri artıq başlanıb. Nəzərdə tutulan digər tamaşaların məşqlərinə isə oktyabrın 1-dən başlanacaq.
   
   Musiqili Komediya Teatrı mövsümü “Arşın mal alan”la açacaq
   
   Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümünü sentyabrın 19-da dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə açacaq. Tamaşa Milli musiqi günü və dahi Üzeyir Hacıbəyovun doğum günü (18 sentyabr) münasibətilə nümayiş olunacaq. Tamaşanın rejissoru Elvin Mirzəyevdir. Rollarda Anar Şuşalı, Nərgiz Kərimova, Əzizağa Əzizov, Xanım Qafarova, Əkbər Əlizadə və başqaları iştirak edir.
   Üzeyir Hacıbəylinin ilk dəfə 1910-cu ildə səhnələşdirilən “Ər və arvad” tamaşası da 100 il sonra yenidən tamaşaçıların mühakiməsinə veriləcək. Tamaşanın rejissoru Yusif Əkbərov, dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanovdur.  

  Gəncə Dövlət Dram Teatrı mövsümü “Şeyx Nizami” ilə açacaq
   
   Gəncə Dövlət Dram Teatrı 115-ci mövsümünü Oktay Altunbayın “Şeyx Nizami” tamaşası ilə açacaq. Keçən il teatrsevərlərə O.Altunbayın “Şeyx Nizami”, Mir Cəlal Paşayevin “Ərik ağacı” və fransız dramaturqu Jul Rumenin “Knork və tibbin təntənəsi” əsərlərini təqdim edən kollektiv bu il repertuarını daha da zənginləşdirmək niyyətindədir.
   Yaradıcı kollektiv qarşıdakı mövsümdə görkəmli yazıçı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” və fransız dramaturqu Jan Anyenin “Antiqona” əsərlərini repertuarına daxil edəcək.  

    Naxçıvan teatrları yeni mövsümə hazırdır
   
   Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrlar yeni mövsümlərini açacaqlar. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, açılış mərasimində kompozisiya şəklində müxtəlif tamaşalardan parçalar oynanılacaq.
   C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 3 tamaşadan hissələr təqdim edəcək. Kollektiv 128-ci mövsümünün ilk günü M.F. Axundovun “Lənkəran xanının vəziri”, Ə.Əsgərovun “Qız atası”, S.Rüstəmovun “5 manatlıq gəlin” tamaşalarından müxtəlif səhnələr göstərəcək.
   Həmin gün M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 21-ci, Naxçıvan Dövlət Uşaq Teatrı isə 4-cü mövsümünün açılışını elan edəcək.
   
   Yuğ Teatrında iki yeni tamaşanın məşqləri gedir
   
   Dövlət Yuğ Teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb. Tamaşalardan biri “Diogenin çəlləyi” adlanır. Teatrda məşqlərinə başlanılan ikinci tamaşa Saleh Səbatın “Uşaq və biz” əsəri əsasında hazırlanır. Hər iki səhnə əsərinin ideya müəllifi və quruluşçu rejissoru Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
   
   Qeyd: Digər teatrların mövsümə hazırlığı barədə qəzetimizdə mütəmadi məlumat verilib və bundan sonra da veriləcək.