Salyan Dövlət Kukla Teatrı 1973-cü ildən bədii özfəaliyyət dərnəyi kimi fəaliyyətə başlayıb. Kollektiv əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüsü ilə yaradılıb.
   
    Dərnək 1975-ci ildə «Xalq kollektivi» adına layiq görülüb. Teatr kollektivi festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında çıxışlar edərək müxtəlif mükafatlara layiq görülüb. Sənət aləmində qazandığı uğurlara görə kollektiv 1994-cü ildən Dövlət Teatrı adını daşıyır. Bu illər ərzində teatrın repertuarını Əli Səmədlinin «Artıq tamah baş yarar», Mirmehdi Seyidzadənin «Ata məhəbbəti», Rəhman Əlizadənin «Keçəlin toyu», Rafiq Savalanın «Qayğıkeş Nigar», «Tələ quran özü düşər», Abdulla Şaiqin «Danışan kukla», İsgəndər Coşğunun «Tülkü həccə gedir», Tofiq Kərimin «Quyruqlu ulağın sərgüzəştləri», Əli Əlizadənin «Keçəl Həmzənin hiyləsi», Həsənağa Hüseynovun «Ulamaqdan mələməyə», Firudin Ağayevin «Cırtdan və Sehirbaz», Rafiq Mirzənin «Yetim Fatma», R.Kiplinqin «Başlı başına gəzən pişik» və başqa tamaşalar bəzəyir. Bu tamaşalar təkcə Salyanda deyil, həmçinin Lənkəran, Şirvan, Neftçala, Biləsuvar, Cəlilabad, Saatlı, Hacıqabul və digər rayonlarda da göstərilir. Aktyorlardan Mədinə Ramazanova, Qalib Məlikov, Rauf Həsənov, Aygül Muradova, Çaytab Gözəlova, Leyla Vəliyeva, Gülşən Təhməzova, Əlizamin Həsənli və baqalarının çıxışları tamaşaçılara mənəvi zövq baxş edir.
   Teatrın bu səviyyəyə çıxmasında onun direktoru Yavər Cəbrayılovun, baş rejissor Rafiq Mirzənin, quruluşçu rəssam Ceyhun Rüstəmbəylinin, musiqi tərtibatçısı Təzahür Mehdiyevin, bədii tərtibatçı Tükəzban Məmmədovanın, modelyer Gülnarə Ağalarovanın, kukla hazırlayan Kəmalə Quliyevanın böyük zəhmətləri olub.
   Teatr yeni mövsümü Rəhman Əlizadənin “Keçəlin toyu” tamaşası ilə açacaq.
   Teatrın direktoru Yavər Cəbrayılov: “Bu günə kimi teatrda 60-dan artıq tamaşa hazırlanıb. Teatrın binası rayon rəhbərliyi və Bakıda yaşayan nüfuzlu şəxslər tərəfindən əsaslı təmir olunmuşdur. Bu ilin mayında teatrımız Milli Teatr Festivalında, iyunda isə Qaxda keçirilən kukla teatrlarının respublika festivalında uğurla iştirak edib. Teatr yeni mövsümdə tamaşaçıları yeni əsərlərlə sevindirəcək”.