Oktyabrın 10-da “ÜNS” teatrında yeni mövsümün açılış mərasimi keçirilib. Mərasim XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsinə ithaf olunub. Teatrın foyesində Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materialları toplanan kitablar sərgilənib.
   Musiqi axşamında çıxış edən alimin qızı, teatrın bədii rəhbəri, professor Nərgiz Paşayeva bildirib ki, gələn il teatrın fəaliyyətə başlamasının 5 ili tamam olur. “Ölçüsünə görə bu məkan kiçik olsa da, mənaca ucadır, çünki bura sənət ocağıdır”, - deyən Nərgiz Paşayeva bu səhnədə bir çox tamaşaların, konsertlərin, xatirə gecələrinin təşkil edildiyini deyib.
   Gecədə Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynovun ifasında dahi bəstəkarlar Robert Şuman və Frederik Şopenin əsərlərindən ibarət romantik fortepiano musiqisi səslənib.