Oktyabrın 16-sı və 17-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının premyerası keçiriləcək. Əsər Üzeyir Hacıbəylinin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyi münasibətilə səhnələşdirilib.
   
   Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Yelena və Zakir Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Əliməmməd Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış edəcəklər.
   Qeyd edək ki, Şərqin ilk operettası olan və 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınan “Ər və arvad” 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub. O vaxtdan indiyə qədər, 100 il ərzində əsər heç bir teatrın səhnəsində nümayiş olunmayıb. Bu, 100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerası olacaq.