Noyabrın ilk ongünlüyündə Bakıda Çexov teatr festivalı keçiriləcək. Festival çərçivəsində dünyanın bir sıra tanınmış teatrlarının yaradıcı kollektivləri Azərbaycan səhnəsində çıxış edəcəklər.
   
   Onların sırasında dünya şöhrətli komediya ustası Çarli Çaplinin nəvəsi Aureliya Tyere-Çaplin də var. O, festivalda “Aureliyanın oratoriyası” tamaşasının baş qəhrəmanı kimi səhnəyə çıxacaq. Beləliklə, Azərbaycan teatrsevərləri də dünyanın ən aparıcı səhnələrində nümayiş etdirilən “Aureliyanın oratoriyası” tamaşasını görmək imkanı qazanacaqlar.
   Teatr və sirk elementlərinin sintezindən ibarət “Aureliyanın oratoriyası”nda nə dialoq, nə də mətn var. Əvəzində bolluca sirk tryukları, illüzionizm, rəqs, pantomima və kukla teatr elementləri yer alıb.
   Tamaşanın quruluşçu rejissoru, konsepsiya müəllifi və səhnə tərtibatçısı Çarli Çaplinin qızı - Aureliyanın anası Viktoriya Çaplindir. Ümumiyyətlə, Aureliyanın iştirakçısı olduğu bütün nömrələrin müəllifi yalnız anası Viktoriya Çaplindir.
   “Aureliyanın oratoriyası” noyabrın 12, 13, 14-də Dövlət Rus Dram Teatrının səhnəsində göstəriləcək.