Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Rusiya Böyük Teatrı arasında yaradıcılıq əməkdaşlığı haqqında əldə edilmiş razılıq əsasında Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı, “Zirvə” və “Qızıl Dərviş” mükafatları laureatı Kamilla Hüseynova hazırda Böyük Teatrda təcrübə keçir.
   
   Teatrın mətbuat xidmətindən bildiriblər ki, təcrübə müddətində Kamilla Hüseynova Böyük Teatrın aparıcı solistləri ilə birlikdə gündəlik balet dərsləri və məşqlərdə iştirak edəcək, tanınmış xoreoqraf-pedaqoqların rəhbərliyi altında klassik balet tamaşalarında ifa etdiyi aparıcı partiyalarda ustalığını təkmilləşdirəcək, balet truppasının təşkilati və istehsalat-yaradıcı fəaliyyəti ilə yaxından tanış olacaq.
   Bununla yanaşı, Dövlət Opera və Balet Teatrı ilə Böyük Teatr arasında əməkdaşlıq çərçivəsində Böyük Teatrın aparıcı solistləri - həmyerlimiz Çinarə Əlizadə və onun həmkarı Mixail Lobuxin noyabrın 27-də Bakıda L.Minkusun “Don Kixot” baletinin tamaşasında iştirak edəcəklər.