“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dünyanın 30-dək ölkəsindən 70-dən çox teatr mütəxəssisinin qatıldığı I Bakı Beynəlxalq Teatr Konfransının iştirakçısı kimi bu böyük mədəniyyət tədbirinin təəssüratını hələ də yaşamaqdayam.   

   Konfrans çərçivəsində keçirilən seminarlar da Azərbaycan teatr nümayəndələri tərəfindən böyük maraqla qarşılandı. Teatr rəssamları ilə görüşdə mən də iştirak edirdim. Burada əslən Tacikistandan olan, indi isə Amerikada yaşayan İosif Yusupovla görüş məndə xoş təəssürat yaratdı. O, bir çox opera və teatrların səhnə dekorasiyasının quruluşunu verib. Mənim diqqətimi bir işıq rəssamı kimi çəkən isə onun bu dekorasiyalarda istifadə etdiyi materiallar və onların işığı necə əks etdirməsi oldu. İosif Yusupov deyir ki, indi bir çox teatrlarda “şəffaf plastika” deyilən materiallardan istifadə etməyə başlayıblar. Bu materiallardan hazırlanmış dekorasiya işığın onun üzərinə və arxasına düşməsi sayəsində tamaşaçıda məkanı yaxından hiss etməyə kömək edir və böyük effekt yaradır.
   Ümumilikdə, müasir dövrdə konsert və teatr müəssisələrimizin yüksək keyfiyyətli, ən modern texniki avadanlıqlarla təchiz olunmasını nəzərə alsaq, rəssamlar arasında fikir mübadilələri baxımından belə görüşlərin mütəmadi aparılması və tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərinin keçirilməsi çox vacib və əhəmiyyətlidir.
   Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq teatr konfransının çox yüksək səviyyədə təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürümü bildirirəm.
   
   Zərrəbin Əliyeva,
   Heydər Əliyev Sarayında səhnənin işıq üzrə rəssamı