Ədalət Vəliyev,
   Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
   

“Çünki dövlət öhdəsinə götürdüyü bütün böyük məsələləri, böyük tədbirləri ardıcıllıqla yerinə yetirir, teatra arxa durur, dəstək verir”
   
   
   2011-ci ilin ilk günlərini yaşayırıq. Artıq tarixə qovuşmuş 2010-cu il, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əlamətdar hadisələr, önəmli yeniliklərlə yadda qaldı. Bu yazıda teatr dünyasında yaşadıqlarımız, gördüklərimiz barədə söz açmaq, bəzi fikir və mülahizələrimi bölüşmək istəyirəm. Son illərdə Azərbaycanda ümumilikdə mədəniyyət sahəsində baş verən proseslər, Avropa, dünya səviyyəsində əsası qoyulan yeniliklər bizə əsas verir ki, teatr aləmində də nələrin baş verdiyinə bir balaca ekskurs edək. 
   
   Əslində indi yaşadığımız proseslərin uzun tarixi var. Biz sakit, ağır, ləngərli, amma bütöv, ciddi addımlarla öncə ulu öndərimiz Heydər Əliyevin, daha sonra isə onun siyasi varisi, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə diqqəti, qayğısı sayəsində bu gün yaşadığımız ana gəlib çıxmışıq.
   Son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilmişdir.
   2006-cı ildə Azərbaycanda «Teatr və teatr fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
   2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir önəmli sənəd - «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» sərəncam imzalamışdır.
   Və, nəhayət, ölkə başçısı «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramını təsdiq etmişdir.
   Milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi «Zirvə» mükafatını təsis etmişdir. Bu mükafat üç il ərzində teatr sahəsi üzrə Gənc Tamaşaçılar Teatrına, Opera və Balet Teatrına, Pantomima Teatrına verilmişdir.
   Son 5 ildə dövlət teatrlarında 433 yeni tamaşa hazırlanmışdır. Onlardan 68-i Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir. Dövlət sifarişi ilə hazırlanan tamaşalara büdcədən 1 036 380 (bir milyon otuz altı min üç yüz səksən) manat vəsait ayrılmışdır.
   «Teatr və teatr fəaliyyəti haqqında» Qanuna uyğun olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan işçilərin əmək haqlarına 100 faiz əlavələr edilmişdir. Aparıcı teatrların siyahısına daxil olan dörd teatr - Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrı işçilərinin əmək haqlarına isə 25 faiz əlavələr edilmişdir. Bu, teatr işçilərinin maddi-sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan növbəti uğurlu bir addımdır.
   Dövlət Proqramına uyğun olaraq Dövlət Kukla Teatrının, Dövlət Rus Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının, Akademik Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparıldı və həmin binalar istismara verildi.
   Proqram çərçivəsində Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Lənkəran Dövlət Dram Teatrının və Şəki Dövlət Dram Teatrının nəzdində studiyalar fəaliyyətə başladı. Musiqili Komediya Teatrında və Pantomima Teatrında da studiyaların açılması nəzərdə tutulur.
   Bu sərəncamlar Azərbaycanın teatr aləmində bir çox önəmli hadisələrin önünə bir «ilk» sözü yazdı.
   İlk dəfə olaraq istedadlı gənclər bölgələrə ezam edildi ki, dövlət sifarişləri ilə tamaşalar hazırlasınlar. Günay Səttarova Qazax Dövlət Dram Teatrında F.Mustafanın «Qarışqa tələsi», Gümrah Ömərov Lənkəran Dövlət Dram Teatrında Ə.Əmirlinin «Onun iki qabırğası», Şahbaz Rəsulov Şəki Dövlət Dram Teatrında M.F.Axundzadənin «Hekayəti Molla İbrahimxəlil kimyagər», İradə Gözəlova Gəncə Dövlət Dram Teatrında İ.Əfəndiyevin «Qəribə oğlan» əsərlərinə maraqlı quruluşlar verdilər.
   İlk dəfə olaraq Bakıda Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların yaradıcı işlərindən ibarət “Yeni teatr” Respublika Festivalı keçirildi. 2007-ci il martın 10-dan 17-dək davam edən festivalda Akademik Milli Dram Teatrı J.Koktonun «İnsan səsi», Gənc Tamaşaçılar Teatrı Ə.Haqverdiyevin «Pəri Cadu», A.S.Puşkinin «Taxt-tac, Dadon və Şamaxı şahzadəsi», Gəncə Dövlət Dram Teatrı İ.Əfəndiyevin «Qəribə oğlan», Sumqayıt Dövlət Musiqili Dram Teatrı N.Dumbadzenin «Ağ bayraqlar», Şəki Dövlət Dram Teatrı M.F.Axundzadənin «Molla İbrahimxəlil kimyagər», Lənkəran Dövlət Dram Teatrı Ə.Əmirlinin «Onun iki qabırğası», Qazax Dövlət Dram Teatrı F.Mustafanın «Qarışqa tələsi», İrəvan Dövlət Azərbaycan Dram Teatrı İftixarın «Dan yeri söküləndə», Azərbaycan Dövlət Kukla Teatrı xalq nağılları əsasında «Ələddin», Dövlət Pantomima Teatrı N.Qəribovanın «Yol», Bakı Bələdiyyə Teatrı J.B.Molyerin «Dələduz», «Yuğ» Dövlət Teatrı N.Qoqolun «Viy», Azərbaycan Teatr Xadimləri İttifaqının Yaradıcı Gənclər Mərkəzi Q.Səidin «Əli və Nino» əsərləri ilə, «İbrus» Teatrı J.Koktonun «İnsan səsi» pyesi əsasında hazırladığı «Tənha səs» tamaşası ilə çıxış etmişlər.
   Bakıda (2008) və Qaxda (2010) Kukla Teatrları Həftəsi təşkil edildi. Festival çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı Ə.Orucun «Zınqırovlu pişik», K.Şahmərdanın «Ağ və Qara», Qax Dövlət Kukla Teatrı rus xalq nağılı əsasında «Turp», A.Puşkinin eyniadlı əsəri əsasında «Qızıl balıq», Gəncə Dövlət Kukla Teatrı xalq nağılı əsasında «Şəngülüm, Şüngülüm, Məngülüm», R.Səməndərin «Çətin məsələ», Naxçıvan Dövlət Kukla Teatrı C.Məmmədquluzadənin «Çay dəstgahı», S.Canbaxşıyevin «Cik-cik xanım», Salyan Dövlət Kukla Teatrı A.Şaiqin «Danışan kukla», Z.Nuruqızının «Gəlinciklər» tamaşalarını nümayiş etdirmişlər.
   İlk dəfə olaraq Azərbaycan teatrlarında müxtəlif sahələr üzrə çalışan istedadlı gənclər xarici ölkələrdə təcrübə keçməyə yola salındı. «Yuğ» Dövlət Teatrının rəssamı Umay Həsənova Almaniyanın Düsseldorf şəhərində «Deutsche Oper am Rhein» Teatrında, İradə Gözəlova V.Meyerxold adına Moskva Teatr Mədəniyyəti Mərkəzinin rejissorluq ixtisası üzrə magistratura pilləsində, Günay Səttarova Ankara Dövlət Teatrında, Tural Mustafayev Krakov Milli Teatrında, Mikayıl Mikayılov Praqa Milli Teatrında, Elvin Mirzəyev Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında, Akademik Milli Dram Teatrının işıq sexinin rəisi Rafael Həsənov və Gənc Tamaşaçılar Teatrının işıq sexinin rəssamı Vadim Kuskov Ş.Rustaveli adına Gürcü Dövlət Akademik Dram Teatrında təcrübə keçdilər.
   İlk dəfə olaraq “Teatr görüşləri” Beynəlxalq layihəsi gerçəkləşdi. 30 illik fasilədən sonra məşhur Rustaveli Teatrı İ.Çavçavadzenin «O insandırmı?», D.Kldiaşvilinin «Darispanın iztirabları», U.Şekspirin «Hamlet» tamaşaları ilə Bakıya qastrol səfərinə gəldi. Səfər dünya şöhrətli rejissor Robert Sturuanın 70 illik yubileyinə həsr olunmuşdu.
   «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində Bakıda ilk dəfə «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» adlı Beynəlxalq Teatr Konfransı keçirildi. Konfransda Rusiyadan, Gürcüstandan, Türkiyədən, İrandan, Almaniyadan, İngiltərədən, ABŞ-dan, Kanadadan, Sinqapurdan, Tunisdən, Honq Konqdan, Avstriyadan, Çindən, Fransadan, Estoniyadan, Belarusdan, Koreyadan, Omandan, Qazaxıstandan, Qırğızıstandan, Litvadan, Moldovadan, Küveytdən, Səudiyyə Ərəbistanından, Yunanıstandan - bir sözlə dünyanın 30 ölkəsindən 75 nəfər tanınmış teatr mütəxəssisləri, alimlər, rejissorlar, baletmeysterlər, prodüserlər iştirak etdilər. Konfrans çərçivəsində Mişel Vais (Kanada) teatr tənqidindən, Piter Qoldfarb (ABŞ) aktyor sənətindən, İosif Yusupov (ABŞ) teatr rəssamlığından, İrina Krujilina (ABŞ) teatr geyimindən, Rut Marqraff (ABŞ) dramaturgiyadan, vokal sənətindən, Roberto Varea (ABŞ) müasir teatrdan, Daniel Bənks (ABŞ) yeni teatr janrlarından seminarlar keçirdilər.
   Azərbaycana xarici ölkələrdən, o cümlədən yaxın xaricdən - MDB məkanından tanınmış rejissorlar, rəssamlar, baletmeysterlər, xoreoqraflar dəvət etdik. Finlandiyadan Kamran Şahmərdan, Belarusdan Nataliya Başeva, Rusiyadan Beniamin Filştinski, Dmitri Bertman, Tatyana Melnikova, Tatyana Tarakanova, İskəndər Sakayev, Sergey Qritsay, Serqey Yunqas, Vasili Medvedev, Nikolay Tretyak, Liliya Sabitova, Gürcüstandan Georgi Aleksidze, Qoça Kapanadze, Tacikistandan Sultan Usmanov, Özbəkistandan Firudin Səfərov, Ukraynadan Valentina Reka, Tatyana Borovik tərəfindən hazırlanan tamaşalar böyük maraqla qarşılandı.
   Zənnimcə, son beş il ərzində ümumən teatr sahəsində baş verənlər, doğrudan bir inqilabdır. Çünki bəlkə də onilliklər ərzində görüləcək işlər son beş il ərzində görüldü.
   Bu gün Musiqili Komediya Teatrında təmir-bərpa işləri aparılır. Mingəçevir Teatrı təmir-bərpa işlərinin son dövrlərini yaşayır. Biz daxili imkanlar hesabına Pantomima Teatrının bir hissəsini bərpa edib tamaşaçıların və teatrsevərlərin ixtiyarına vermişik. Sumqayıt Teatrının 40 il ərzində həll olunmayan bina məsələsi köklü şəkildə həll olundu, teatrın bu gün artıq öz ünvanı və binası var. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyuldu və ölkə başçısının tapşırığına əsasən Dövlət Neft Şirkəti unikal bir binanı bu teatra verdi. Lap bu günlərdə Şuşa Teatrının bina məsələsi həll olundu. Füzuli Teatrı müvafiq bina ilə təmin olundu. Güman edirəm ki, bu il Ağdam Teatrının binasının və Musiqili Komediya Teatrının binasının əsaslı təmir və bərpadan sonra açılışında iştirak edəcəyik. Opera və Balet Teatrının əsaslı şəkildə yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanır və teatr bu il əsaslı təmirə dayandırılacaqdır.
   Teatrlarda kadr islahatları davam edir. Son bir ildə bir çox teatrlarda direktor, baş rejissor korpusu əsaslı şəkildə dəyişdirilib və bu proses davam edəcək. Əməkdar artist Loğman Kərimov Şuşa Dövlət Musiqili Dram Teatrına, Əməkdar incəsənət xadimi Oruc Qurbanov İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Gümrah Ömərov Gəncə Dövlət Dram Teatrına, Günay Səttarova Mingəçevir Dövlət Dram Teatrına baş rejissor, İsrafil İsrafilov Milli Dram Teatrına, Elman Rəfiyev Pantomima Teatrına, Həsən Həsənov Mingəçevir Teatrına direktor təyin olundular.
   Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində - Almaniyada, Türkiyədə, Rusiyada, Belarusda, Gürcüstanda, Fransada, Mərakeşdə, Finlandiyada, İranda, Misirdə, Hollandiyada, Estoniyada, Bolqarıstanda, Ukraynada, İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər.
   Azərbaycana dünyanın müxtəlif ölkələrindən tanınmış teatr kollektivləri qastrol səfərinə gəlib. Bunların arasında A.P.Çexov adına Moldova Dövlət Rus Dram Teatrını, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram Teatrını, Qalina Vişnevskayanın Opera Mərkəzini, Səudiyyə Ərəbistanının “Modern” Teatrını, Moskvanın “Qelikon Opera” Teatrını, Tatarıstanın Qaliəskər Kamal adına Dövlət Akademik Dram Teatrını, Estoniyadan “Dream fabrik” Kukla Teatrını, İstanbul Böyükşəhər Bələdiyyə Teatrını və onların nümayiş etdikləri “Dilsiz ququ”, “İolanta”, “Karmen”, «Salam, mən sizin xalanızam», «Qadınsayağı oyun», «Məhəbbət cazibəsi», «Altı nəfər üçün gecə köynəyi» tamaşalarını xüsusi qeyd etmək lazımdır.
   Teatr tarixində ilk dəfə olaraq aparılan yeni islahatlara uyğun olaraq dekabrın 30-da Akademik Dram Teatrının truppası bütövlüklə buraxılıb. Cənab nazirin imzaladığı əmrə əsasən Milli Akademik Dram Teatrına müsabiqə yolu ilə işə qəbul aparılacaq. Müsabiqədə digər teatrların aktyorları, sənət adamları iştirak edə bilərlər. Biz yaxın gələcəkdə rejissorların müasir dünyada olduğu kimi qonorar sisteminə keçid məsələlərini həll edəcəyik.
   Son beş ildə 366 nəfər sənət adamı ölkə başçısının sərəncamı ilə yüksək fəxri adlarla təltif olunub. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Bu müddət ərzində 28 nəfərə orden verilib. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunub. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidməti olan şəxslər ömürlük Prezident təqaüdü alanlar siyahısına daxil edilirlər.
   Teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı nəqliyyat vasitələri ilə təmin olunmuşlar.
   Bizim görkəmli teatrşünasların, teatr sənəti ilə məşğul olan alimlərin yazdığı «Mehdi müəmması», «Orta əsrlər yaxın və Orta Şərq ölkələrində teatrın təzahür formalarının poetikası» (müəllif Aydın Talıbzadə), «Dördüncü ölçünün rəngləri» (müəllif Məryəm Əlizadə), «Opera və Balet Teatrının 100 illiyi», «İrəvan Teatrının 125 illiyi» (müəllif İlham Rəhimli), «Naxçıvan Teatrının 125 illiyi» (müəlliflər İlham Rəhimli, Cəlil Vəzirov), «Səhnə səadətimdir» (müəllif Rafiq Rəhimli) kitabları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. «Yeniləşən mədəniyyət, yeniləşən məkanlar» adı altında təmirdən çıxmış binalar - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı haqqında silsilə kitablar nəşrə hazırlanır.
   Teatr, konsert müəssisələrinin yubileylərini qeyd etməyi düşünürük. Qarşıda böyük tədbirlər, böyük yubileylər var. Görkəmli sənətkarların bir neçəsinin yubileyi keçiriləcək. Azərbaycan teatr sənətinin korifeyləri Adil İsgəndərov, Ələsgər Ələkbərov Akademik Dram Teatrı ilə bağlı şəxslər olub, biz bu tədbirləri keçirmək üçün teatrın yenidən fəaliyyətə başlamasını gözləyirdik və bu proses davam edəcək. Dekabrın 21-də Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yaxın vaxtlarda Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100 illik yubileyi keçiriləcək.
   Dövlət sifarişləri ilə hazırlanan tamaşaların sayı artıb. Bəlkə də 5 il, 10 il əvvəl bunu ancaq arzulamaq olardı. Amma 2010-cu ilin doqquz ayı ərzində 27 dövlət teatrında 49 tamaşaya quruluş verilmişdir, onlardan 13 tamaşa dövlət sifarişi ilə hazırlanıb. Akademik Milli Dram Teatrında E. de Filipponun «Oğru cənnətdə», Dövlət Rus Dram Teatrında R.Kuinin «Subay taksi sürücüsü», J.Rasinin «Fedra», U.Şekspirin «Yay gecəsində yuxu», Dövlət Gənc Tamaşaçılar Teatrında Ç.Dikkensin «Oliver Tvist», Dövlət Kukla Teatrında Ü.Hacıbəylinin «O olmasın, bu olsun», Musiqili Komediya Teatrında Ü.Hacıbəylinin «Ər və arvad», Gəncə Dövlət Dram teatrında J.Romenin «Knok və ya tibbin təntənəsi», Sumqayıt Dövlət Musiqili Dram Teatrında T.Cücenoğlunun «Ziyarətçi», Naxçıvan Dövlət Musiqili Dram Teatrında M.Nəsirlinin «Qönçəbəyim nəğməsi», Qax Dövlət Kukla Teatrında S. və L.Latıpovların «Kral və əks-səda», Naxçıvan Dövlət Kukla Teatrında Ü.Hacıbəylinin «Arşın mal alan», Azərbaycan Dövlət Pantomima Teatrında A.Şaiqin «Tıq-tıq xanım» və s. tamaşalara quruluş verilmişdir.
   Şübhəsiz ki, bu tamaşaların hamısı uğurlu deyil, ola da bilməz. 100 pyes 100 uğurlu tamaşa demək deyil. Hətta dünyanın ən inkişaf etmiş və min illik teatr tarixi olan ölkələrində də belə deyil. İngiltərədə Şekspir Teatrında hətta Şekspirlə bağlı hazırlanan bütün tamaşalar ingilislərin və ümumən tamaşaçıların yaddaşında qalmır. Tamaşanın araya-ərsəyə gəlməsi isə onun uğurlu olması, ölkənin daxilində və daha sonra xaricdə, daha sonra dünyada tanıdılması bu özü böyük bir elmdir, böyük bir ömürdür, böyük bir sənətdir. Biz ölkə başçısının və bütövlükdə dövlətin mədəniyyətə olan diqqəti, qayğısı sayəsində ilk pillələrə qədəm qoyuruq.
   Müstəqilliyimizin ilk 5-6 ilində ölkəmizin nə qədər böyük problemlərlə qarşılaşdığını hamımız bilirik. Ulu öndər Heydər Əliyevin Azərbaycanda sabitlik, əmin-amanlıq yaratmaq üçün nələrə qatlaşdığının hamımız bu və ya digər mənada şahidi olmuşuq.
   Bu baxımdan əslində son 10-15 il ərzində teatrımızın keçdiyi ömür yolu min illik teatr tarixi olan müəyyən ölkələrin teatr yoluna bərabərdir. Əgər biz tərəzinin gözünə onların son 50 ildə əldə etdikləri uğurları və bizim son beş ildə əldə etdiyimiz nailiyyətləri qoysaq, Azərbaycan tərəfi xeyli ağır gələcək. Mən bunu tam səmimiyyətlə və məsuliyyətlə deyirəm.
   Teatra münasibətdə hərənin bir baxış bucağı var. Hər bir teatr tənqidçisinin oturub düşünmək, məsələyə yanaşmaq bucağı var. O, gedib tamaşaya baxa, tamaşanın görünən tərəflərini qələmə ala bilər. Bir teatr direktorunun öz teatrının pəncərəsindən dünyaya, dünya teatrına bir baxış bucağı var. Nazirliyin şöbə müdirinin teatrla bağlı daha geniş məlumatlar, yeniliklərlə və s. tanış olmaq imkanı var. Mənim də tutduğum vəzifə etibarı ilə və maraq dairəmdə olduğu üçün dünyada baş verən teatr prosesi ilə bağlı materialları, rəqəmlərı, plan və statistik məlumatları, digər məsələləri köklü şəkildə əldə etmək, tanış olmaq imkanım var. Və bütün bunlarla bağlı araşdırma apararkən görürük ki, biz son illər nə qədər irəliyə doğru addımlamışıq.
   Noyabr ayında böyük uğurla həyata keçirdiyimiz Bakı Beynəlxalq Teatr Konfransı yəqin çoxlarınızın xatirindədir. “Mədəniyyət” qəzetində, “525-ci qəzet”də Bakı Teatr Konfransında iştirak etmiş qonaqların - Türkiyədən Cücenoğlunun, Avstriyadan Reynhard Auerin, ABŞ-dan Dəniel Bənksın, Piter Qoldfarbın, İngiltərədən Rocer Makkenin, Honkonqdan Cənim Punun, İran İslam Respublikasından Fərəh Yeganənin, İsveçrədən Ursula Vertenberqin ürək sözləri dərc olunub. Son dərəcə isti, Azərbaycana çox böyük bir sevgi ilə, heyrət ilə yoğurulmuş sözlərdir. Mən buna çox sevindim.
   Bu günlərdə mənə bir sənəd təqdim etdilər. Bakı Teatr Konfransında iştirak etmiş insanlar - Böyük Britaniyadan Devid Pərri, Ruminiyadan «Ejen İonesku» Teatrının baş rejissoru Petru Vutkereu, Praqa Milli Teatrının rejissoru İvan Raymond bizə tək rəsmi qaydada təşəkkür yox, konkret təkliflər göndəriblər. Bu təkliflərə əsasən ABŞ, Çexiya, Moldova, Fransa, Böyük Britaniya sənətçiləri ilə müştərək layihələrin həyata keçirilməsi reallaşmaq üzrədir. Onlar teatrlarımızda tamaşa hazırlamaq istəyirlər, teatrlarımızı xaricə dəvət etmək istəyirlər. İnsan bunları oxuduqda, gördükdə qürur duyur, sevinir. Deməli, biz düz yoldayıq. Əminəm ki, Azərbaycan teatr bayrağının Avropa bayraqları sırasında dalğalanacağı gün uzaqda deyil.
   Hərçənd bizim artıq dünya, Avropa teatrları ilə bir arada imzamız var. Bizim istedadlı rejissorlarımız ötən illər Avropa teatrlarında uğurlu tamaşalar hazırlayıblar. Azərbaycan dramaturqlarının əsərləri xarici dillərə tərcümə olunur, uğur qazanır, onları müxtəlif ölkələrdə səhnədə görmək istəyirlər.
   Dramaturgiya ilə bağlı müsabiqələr keçirilir. Bu il Mədəniyyət və Turizm Nazirliyinin «Ən yaxşı dram əsərləri» müsabiqəsi baş tutmuşdur. Nazirliyə 34 əsər təqdim olunmuşdur. Münsiflər heyətinin ümumi rəyinə əsasən Ağalar İdrisoğlunun “Şah İsmayıl” adlı tarixi faciəsi ikinci yerə, Şirməmməd Nəzərlinin “Qəmli Yusif” pyesi üçüncü yerə layiq görülmüşdür. Lakin bütövlükdə dramaturgiya hələlik bizim teatr sahəsində zəif bir halqadır. Hesab edirəm ki, bu sahədə boşluq var, həqiqəti danmaq olmaz, istedadlı gənclərin dramaturgiyaya cəlb olunması istiqamətində görünür biz hələ daha ciddi addımlar atmalıyıq, teatrlar bu istiqamətdə işlər görməlidirlər.
   Hər halda teatrlar tək azərbaycanlı müəlliflər üçün deyil, dünya dramaturgiyasının incilərinə açıq olmalıdır və bu gün rus ədəbiyyatının, dünya ədəbiyyatının, MDB məkanında yaşayan xalqların ədəbiyyatının ən parlaq nümunələrini tərcümə edib teatrda səhnələşdirməlidir.
   Bir neçə müddət əvvəl Milli Dram Teatrında söylədiyim fikri bir daha təkrarlamaq istəyirəm. Teatr özü bu saat təmizlənmə prosesinə başlayıb. Teatr zaman keçdikcə bu proseslə mübarizə aparmaq zorunda qalacaq. Sənətə aidiyyəti olmayan, istedadsız adamlar bu zaman girdabında teatrdan uzaqlaşacaqlar. Teatrın başqa yolu yoxdur. Tarixən də belə olub. Teatrı istedadlı şəxslər saxlayıb, o istedadın üstünə çoxlu sayda istedadsız insanlar cəmləşib, teatr ağırlaşıb, dayanıb, bataqlığın astanasında olanda o, qorxu qarşısında silkələnib, təmizlənmə prosesinə başlayıb. Artıq yükdən təmizlənə-təmizlənə özünün ilkin, təmiz, istedadlar üzərində qurulmuş formasına qayıdıb. Mən hesab edirəm ki, dövlətin bu gün Azərbaycan teatrına göstərdiyi diqqət və qayğının nəticəsində teatr yenidən bu cür təmizlənmə qarşısındadır. İlk addımlar atılıbdır. Mən bu barədə çox nikbinəm və əminəm ki, zaman Azərbaycan teatrının xeyrinə işləyəcək. Çünki dövlət öhdəsinə götürdüyü bütün böyük məsələləri, böyük tədbirləri ardıcıllıqla yerinə yetirir, teatra arxa durur, dəstək verir.
   Bir məqamı da vurğulamaq istəyirəm. Bakıda keçirilən Beynəlxalq Teatr Konfransında İngiltərədən, Amerikadan, Fransadan gələn qonaqlar öz çıxışlarında dönə-dönə vurğuladılar ki, onların ölkəsində teatrlar dövlət dotasiyasından ya çıxarılıb, ya da dotasiya 30 faiz, 50 faiz azaldılıb. Azərbaycan bu gün bəlkə yeganə ölkədir ki, burada teatrlara dotasiyalar azaldılmır, əmək haqqları kəsilmir, əksinə, bu gün Azərbaycan teatrında çalışan insanların maddi güzəranının yaxşılaşdırılması, Avropa teatrlarına inteqrasiya olunması və eləcə də yüksək səviyyə, peşəkarlıq nöqteyi-nəzərində hadisə ola biləcək tamaşaların hazırlanması ilə bağlı qərarlar, sərəncamlar verilir, dotasiyalar artırılır.
   Bu yaxınlarda Bakıda keçirilən Çexov Teatr Festivalı çərçivəsində Rus Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında nümayiş olunan tamaşalara baxdım. Rejissorların təfəkkürünə, aktyorların istedadına heyrətləndim. Məni sevindirən bir məqam da oldu: Rus Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı elə bir səviyyədə təmir olunub ki, hətta Kanada teatrının texniki baxımdan həddindən artıq çətin, hətta fantastik yağış effektlərindən istifadə olunan “Yağış” tamaşası çox rahatlıqla nümayiş olunur. Yəni texniki imkanlar, parametrlər buna imkan verir. Və qonaqlar heyrətlənirdilər ki, bu gün Azərbaycanda texniki bazası, səhnəaltı, səhnəüstü mexanizmləri, işıq, səs avadanlıqları, ümumən texnoloji avadanlıqları bu qədər yüksək səviyyədə əsaslı təmirdən çıxmış teatrlar mövcuddur. Mən arzu edirəm ki, bizim rejissorlar da bu «açarları» işə salsınlar. Çox arzu edirəm ki, Akademik Milli Dram Teatrında və digər əsaslı təmirdən çıxmış binalarda bu cür mexanizmlər işləsin, azərbaycanlı tamaşaçılar heyrətlənsinlər, Azərbaycan rejissoru Azərbaycan aktyorunu işlətsin, onun fiziki və mənəvi imkanlarından istifadə etsin və nəticə əldə olunsun. Çünki bu gün Azərbaycan teatrında bu texniki imkanlar var.
   Fikirlərimi yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, qarşıda bizi teatr sahəsində mühüm hadisələr gözləyir. 2011-ci ildə Azərbaycanda UNİMA-nın iştirakı ilə Kukla Teatrlarının Beynəlxalq Festivalı keçiriləcək, 2012-ci ildə Azərbaycanda Beynəlxalq Teatr Festivalını keçirəcəyik və fikrimiz var ki, bu festivalı ardıcıl olaraq iki ildən bir keçirək ki, Azərbaycan dünyanın teatr festivalı keçirən mərkəzlərindən birinə çevrilsin.
   Mən bütün teatr ictimaiyyətinin, ziyalıların, sənət adamlarının, aktyorların, rejissorların, rəssamların, bu sahədə çalışan çox böyük insan ordusunun qarşıda gözlənilən sənət imtahanlarından uğurla çıxmalarını arzulayıram!