2012-ci il ölkəmizin teatr həyatında canlanma, yeni layihələrlə yadda qaldı. Dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş milli teatr festivalı, beynəlxalq teatr konfransı, teatrlarımızın beynəlxalq festivallarda iştirakı, dramaturgiya dərsləri, master-klasslar və s. İkiqat bayram ərəfəsində olduğumuz bu günlərdə isə teatr ocaqları əsasən balaca tamaşaçılar üçün maraqlı tamaşalar təqdim edir.
   
   Opera və Balet Teatrı üçün 2012-ci ilin uğurları yeni tamaşalar, səfərlər, festivallar və gənclərlə bağlıdır. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın sözlərinə görə, bu il dörd yeni tamaşa hazırlanıb: «V.A.Motsartın «Hamı belə edir», C.Puççininin «Canni Skikki» operası, D.Şostakoviçin «Xanım Xuliqan» baleti və E.Dadaşovanın «Sayalı» baleti. Teatrın simfonik orkestri avqustda Almaniyada «Qut İmmlinq» opera sənəti festivalında iştirak edib. Belarusda Azərbaycan Mədəniyyəti Günlərində (noyabr) Qara Qarayevin «Yeddi gözəl» baleti ilə çıxışımız böyük maraqla qarşılandı. Bir neçə opera və balet sənətçimiz fəxri adlara layiq görüldülər. Gənclərimizin - Afaq Abbasova, Elmira Mikayılova, Anar Mikayılov, Cəmilə Kərimova kimi balet artistlərimizin aparıcı rollarda uğurlarını qeyd etmək istərdim”.
   * * *
   Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Elçin Cəfərovun sözlərinə görə, başa çatan il kollektiv üçün məhsuldar olub: “Qatil”, “Kuraj və uşaqları”, “Anamın kitabı”, “Qürbətdən gələn məktublar», «Oliqarx» uğur qazanmış tamaşalarımızdır. “Napoleon”, “Gəncə qapıları” da yaddaqalan premyeralardan oldu. Slaviya (mart), Tbilisi (sentyabr) beynəlxalq teatr festivallarında iştirak etdik. Bayram günlərində isə A.Şaiqin əsəri əsasında hazırlanmış «Danışan gəlincik» tamaşası nümayiş olunacaq”.
   * * *
   Bu il tamaşaçıları maraqlı səhnə əsərləri ilə sevindirən Dövlət Musiqili Komediya Teatrının kollektivi də bayram münasibətilə balacalar üçün tamaşa hazırlayıb. “Qış bayramı” (müəlliflər A.Soltan, O.Zülfüqarov, R.Heydər) adlı tamaşa dekabrın 29-dan yanvarın 10-dək nümayiş olunacaq. Balacalar tamaşaya Dənizçilərin Mədəniyyət Evində (Bülbül prospekti 11) baxa bilərlər.
   * * *
   “Yuğ” Dövlət Teatrının direktor müavini İlham Hüseynov ilin uğurlu səhnə əsərləri olaraq aşağıdakıları qeyd etdi: «Borxesin əsəri əsasında hazırlanan “Tabu”, Kasaresin hekayəsi əsasında tamaşaya qoyulan “Qəbir qazma üsulu”, Axundzadənin 200 illiyi münasibətilə hazırlanan “Naməlum Axundzadə”, Y.Onilin pyesi əsasında qurulmuş “Kölgə” tamaşaları bu il tamaşaya qoyulub və il ərzində oynanılıb. Bundan əlavə, teatr Finlandiyada “Ağ-Qara” festivalında iştirak edib».
   * * *
   A.Şaiq adına Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə ilin kollektiv üçün məhsuldar olduğunu deyir: “Axundzadənin 200 illiyi ilə əlaqədar «Müsyö Jordan və dərviş Məstəli şah» əsərini, həmçinin «Sindbadın xoşbəxtlik adasına səyahəti», «Pinnokionun sərgüzəştləri», «Karlson», «Sehrkar qarı», «Dəli Domrul» tamaşalarını hazırladıq. Həştərxanda Xəzəryanı ölkələrin kukla teatrları festivalında «Ağ və Qara» tamaşası ilə iştirak etdik. Yeni il bayramı münasibətilə uşaqlar üçün «Cırtdanın Yeni il sərgüzəştləri» adlı tamaşa hazırlamışıq. O ki qaldı planlara, gələn il «Göyçək Fatma», «Məlikməmməd», «Çippolinonun sərgüzəştləri» kimi yeni tamaşalar olacaq”.
   * * *
   Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev Xocalı soyqırımının ildönümünə hazırlanan və ilk dəfə Almaniyada, Berlində təqdim edilən “Unutmayaq” adlı tamaşanı ilin əsas səhnə əsərlərindən biri hesab edir: “Əsər və plastik həll Bəxtiyar Xanızadəyə aiddir, rejissoru isə Bəhruz Vaqifoğludur. Bundan başqa il ərzində «No Comment» (rejissor B.Xanızadə) və «Katarsis» (N.Qəribova) tamaşalarını hazırlamışıq”.
   * * *
   Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski teatrın il ərzində ən böyük uğurunu Axundzadənin 200 illiyi ilə əlaqədar hazırlanmış «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşası hesab edir: «Bu tamaşa ilə Gürcüstanı, Ukraynanı, Rusiyanı, Moldovanı gəzdik. Bu həm klassikadır, həm də müasir, bu günlə səsləşən tamaşadır. Bu tamaşa ilə bizi Avropaya dəvət ediblər və gələn il səfərlərimiz olacaq. Bayram günlərində isə biz balacalara müzikl-tamaşa hədiyyə edirik. Dekabrın 27-dən 2013-cü il yanvarın 6-dək “Dərzi və süpürgəçi” müziklinin premyerası keçiriləcək. Fürsətdən istifadə edib mən hamınızın Yeni il bayramını təbrik edirəm, uğurlar və sevinclər arzulayıram!”
   Biz də təbriklərə qoşulur, il ərzində bizə bayramlar yaşatmış bütün teatrların kollektivlərinə yeni yaradıcılıq nailiyyətləri diləyirik!
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar