Attila İlhan, Füzuli və başqaları...

Azərbaycanda müstəqillik dövrünün gənc qələm adamlarının klassik mətnlərə birmənalı yanaşmadıqları bir dönəmdə məşhur türk şairi, modern şeirin yaradıcılarından biri Attila İlhanın kitabı keçdi əlimə. “Kimi sevsən sənsən” adlı kitabda müəllifin son şeirləri toplanıb. Şeirlərdən əlavə kitabın tərtibatı və təqdimatı olduqca maraqlı idi. Əvvəla onu qeyd edim ki, Attila İlhan kitaba gözəl bir ön söz yazmışdı. Müasir şeirin yorulmaz təbliğatçısı və yaradıcısı olan Attila bəy kitaba daxil etdiyi hər bölməyə klassik qəzəllərdən bir beytlə giriş verib. Əcəba, ünlü şair öz kitabındakı bölmələri adlandırmaq üçün, özündən və ya 20-ci əsr türk və ya dünya şeirindən nə isə bula bilmədimi? Məhz kitabın ön sözünü oxuyanda bu sualın cavabını asanlıqla anlamaq mümkündür.
Attila İlhanı maraqlandıran nədir?

Əlbəttə, klassik şairlərdən verilən bu misallar şeir parçaları olaraq çox dəyərlidir. Yeni estetikanın daşıyıcısı kimi bu cazibədar gözəllikdən yaxa qurtarmaqda xeyli zəhmətə tablaşan Attila bəyin yaşının ahıl vaxtında bir daha ulu ustadlara üz tutması çevrənin qapanmasıdır, yoxsa adicə şair hoqqabazlığı?! Klassikaya münasibətdə, lap elə Azərbaycanın özündə də maraqlı şairlər tapıb analoji misalları onlardan da çəkə bilərdik. Ancaq məsələ budur ki, bizdə klassik şeirdən sözün bütün mənalarında Attila İlhan qədər qopan, onu dialektikanın bəlli qanunlarına uyğun olaraq öz yaradıcılığında inkar edən bir şair tapmaq elə də asan məsələ deyil. Həm də Attila İlhanın yeniliyi deyək ki, nə klassik şeirdən yalnız romantik ruhu saxlayan Orxan Vəlinin şeiridir, nə də ümumilikdə nihilist mövqeyi və aqressiv avantürası ilə diqqəti cəlb edən Küçük İsgəndərin. Attila İlhan həm də özünəqədərki modern şeirlə klassika arasına körpü atmağı bacaran bir şairdir. Onun sərbəstləri təkcə bəzi ovqatı ilə deyil, həm də intonasiyasına görə əruz şeirinə qohumdur. Ancaq o dərəcədə yox ki, kitabındakı hər bölməyə klassika ilə epiqraf versin. Sanki demək istəsin ki, mənim bu kitabım eləcə qeyd etdiyim klassik beytlərin açmasından ibarət bir şeydir.

Ancaq kitabın ön sözü göstərir ki, Attilanı maraqlandıran nə klassik şeirlər hesabına özünü göstərməkdir, nə də ki, əksinə, bu şeirlər arxasında gizlənmək. Ömrünün 50 ilini şeirə, sözə həsr edən bu böyük insan kitabına başlayar-başlamaz oxucu qarşısında maraqlı bir sual qoyur - bu şeirləri indiyədək yaşadan nədir?
Misalları Azərbaycan ədəbiyyatından çəkək... Məsələn, Füzulidən. Hərgah A.İlhanın kitabında Füzulidən də beytlər var və türk qardaşlarımız haqlı olaraq Füzulini yalnız Azərbaycanın deyil, bütün türklərin, eyni zamanda Türkiyənin şairi hesab edirlər.

Nə yanar kimsə mənə atəşi-dildən özgə
Nə açar kimsə qapım badi-səbadən qeyri

Mənə ürəyimin atəşindən özgə bir kimsə yanmaz və bir kimsə səba yelindən başqa qapımı açmaz. Küləyin qapı açması və ÜRƏYİN YANMASI nə qədər uğurlu metafora olsa da bu beyti ilahi məqamda saxlamaq üçün yetərli deyil. Bu beyti şeir səmasının əlçatmazlığına qaldıran onun içərisindəki hava, enerji, şairlərin çox sevdiyi və əslində izahı daha da müşkülə salan RUHdur.
Psixologiyaya aid dərslik kitablarında sözlə məfhumu ayırd etmək üçün maraqlı bir misal çəkirlər. Sən “stul” sözünü unutmusan, ancaq onun nədən ibarət olduğunu bilirsən. Bilirsən ki, stul dördayaqlıdır, söykənəcəyi var, oturmaq üçündür, əsasən taxtadan hazırlanır. Ancaq nə qədər çalışırsan adını xatırlaya bilmirsən. Belə yerdə məşhur bir xalq deyimi yada düşür: “Adı dilimin ucundadır!” Yadından çıxan SÖZ, yadında qalan isə MƏFHUMDUR.
Eyni təcrübəni Füzulinin yuxarıda misal çəkdiyimiz beytinə yönəldək. Biz bu beyti unutmuşuq, hansı sözlərin, izafətlərin, hansı metaforaların köməyi ilə ərsəyə gəldiyini xatırlaya bilmirik. Amma beytin enerjisi, havası içimizdədir. Onu harda eşitsək əvvəlcə enerjisindən, havasından, sonra isə unutduğumuz sözlərindən tanıyacağıq. Deməli, bu şeir bütün sözlərini unutduğumuz halda belə yaşayır və unudulmur.

Məhz Attila İlhan da ömrünün müdrik yaşlarında bu ilahi hissin, ilahi duyumun ardınca yol alır. Və açıq-aşkar hiss edirsən ki, özünün və müasirləri olan istedadlı söz sahiblərinin bu cür yaşaya bilib-bilməyəcəkləri onu qayğılandırır.
Bəs klassik şeirlərdəki bu hava, bu enerji haradandır? Əruzun eyni bəhrində yazılan, ancaq intonasiyası kəskin şəkildə fərqlənən çoxlu şeirlər tapmaq olar. Əruzda yazmış Sabiri, Abbas Səhhəti, Əliağa Vahidi və ya Mirmehdi Seyidzadəni biri-birinə necə bənzətmək olar?

Odur ki, mütəxəssislərin fikrincə, şairlər dünyaya söz yox, intonasiya gətirirlər. İntonasiyanı şərti olaraq ürəyin “barmaq izləri” hesab etmək olar; heç kəsdə eyni olmur heç zaman!

İntonasiya, həm də şərhə, izaha gəlməyən bir yaradılışdır. İlahidir, məfhumidir. Şair intonasiyanı yaratdığı kimi, intonasiya da şairi doğurur. Başqa sözlə, şair intonasiyanı dünyaya, intonasiya isə şairi ədəbiyyata gətirir. Dünyada intonasiyası eyni olan iki nəfər özünü təsdiq etmiş şair tapmaq mümkün deyil.  “Özünü təsdiq etmiş şair” ifadəsini havayı işlətmədim. İntonasiya kiməsə bənzəyirsə, şair ilkin olanın kölgəsində qalır və tezliklə unudulur. Azərbaycan şeirində Səməd Vurğunun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin intonasiyası ilə yazan yüzlərlə şair olub. Ancaq onların adı ən yaxşı halda ustadlarından sonra çəkilir.

İntonasiya poetik məntiqi törədir. Poetik məntiq adi məntiq deyil. Orda daşın adı su, suyun adı çörək ola bilər. Şeir müasirləşməyə doğru öz poetik məntiqindən uzaqlaşır. Çünki insanlar getdikcə daha realist olurlar. Hisslər, həyəcanlar arxa plana keçir, romantika tənəzzülə uğrayır. Həyatın bu qaçılmaz reallığında şeir oxucusunun ardınca düşməyə məcburdur. Artıq oxucu kiminsə sevdiyindən ötrü öləcəyinə inanmır. Həyat təcrübəsi bunu təsdiqləmir. Təsdiqləmir və “mən sənsiz ölmədim, məni bağışla” etirafını qaçılmaz edir.
Poetik məntiq ələ gəlmir, adi söhbətdə, sıradan danışıqda misala yatmır. Füzuli adi söhbətlərdə ən az sitat gətirilən şairdir. Mütəxəssislər bunu onun şair kimi qüdrətli olması ilə izah edirlər. Füzulinin şeirlərində sözlər biz anladığımız mənada işlənmir. Orada sərv - ağac, mey - şərab, dəhən - ağız mənasında deyil. Sərv - ağac, mey - şərab, dəhən - ağız olduqca gücünü itirir, məna yükünü azaldır. Və qəribədir ki, həyatımız dəyişdikcə, bəzi simvol və işarələr ədəbiyyatdan və həyatdan virtual aləmə adaptasiya olduqca şeir öz gücündən, öz enerjisindən məhrum olur, klassika getdikcə daha əzəmətli görünür.

Attila İlhan bu əzəməti görür, bu əzəmətlə vidalaşmaq zorunda qaldığı üçün narahat olur, şeiri öz zamanının səsi olmaqla bərabər, əzəli-əbədi məqamında saxlamaq üçün çalışır, vuruşur.
Sonda hamı uduzur, hamı həyata təslim olur. Ancaq istedadlı adamlar ona görə fərqlidirlər ki, onların həyata uduzmağı sənətə nələrisə qazandırır.

Şərif A.