Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən kitabın təqdimatı olub. Tədbirdə Milli Məclisin deputatları, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Milli Qəhrəmanların doğmaları iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Milli Qəhrəmanların, onların ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən danışıb. “Milli Qəhrəmanlarımız” kitabı da nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir. Kitabda Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş 211 nəfər həmvətənimiz haqqında məlumatlar, fotomateriallar toplu halında təqdim edilir. “Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı kitabın ərsəyə gəlməsindən bəhs edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev, millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva kitabın əhəmiyyətindən söz açıblar. Bildirilib ki, belə nəşrlər Milli Qəhrəmanlarımızın daha geniş şəkildə tanıdılması, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksəldilməsində, ümumən hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.