Aprelin 20-də milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 ili tamam olur. Yubileyin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixli sərəncam imzalayıb. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı ilə birgə yubileylə bağlı bir sıra tədbirlər həyata keçirəcək.
Sənətkarın doğum günündə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Musiqili Teatrın kollektivi, Nəsibə Zeynalovanın yaxınlarının və doğmalarının iştirakı ilə Fəxri xiyabandakı məzarı ziyarət ediləcək. 2016-cı ilin noyabr ayında Musiqili Teatrda korifey aktrisanın yubiley gecəsi keçiriləcək.