Bəhreyn Kralı Həməd bin İsa əl Xəlifənin himayəsi altında bu ölkənin Milli Muzeyində "Bizim Bəhreynin vokal dalğaları" adlı 24-cü İrs Festivalı keçirilib.
Ölkənin Mədəniyyət və Əntiq Əşyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi festivalda xalq yaradıcılığı fəaliyyəti ilə məşğul olan ustaların əl işləri, dulusçuluq və toxuculuq sənətinə aid eksponatlar, milli mətbəx və içkilər, həmçinin azyaşlı uşaqların yaradıcılıq bacarıqları nümayiş etdirilib.
Tədbirdə kral ailəsinin üzvləri, yüksək səviyyəli dövlət və iş adamları, Bəhreyndə akkreditə olunmuş səfirlər, xaricdən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Festivalda ölkəmizi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev və Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov təmsil edib.
Festival çərçivəsində Bəhreynin mədəniyyət və əntiq əşyaları naziri və Dünya İrsinin Ərəb regional mərkəzinin direktor müavini ilə görüş keçirilib və muzeylərarası ikitərəfli əlaqələr qurulması barədə müzakirələr aparılıb.