Sərgi Sivilizasiyalar Alyansının Qlobal Forumuna həsr olunub

Aprelin 22-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin açılışı keçiriləcək.
Sərgi Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizə çoxsaylı xarici qonaqların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibətilə, Azərbaycan təsviri incəsənətinin təbliği, görkəmli Azərbaycan rəssamlarının yaratdıqları nadir sənət incilərinin nümayişi, milli incəsənətimizin təbliği məqsədilə təşkil olunub.
Sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla incəsənətimizin Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, XX əsr və müasir dövr rəssamlarının davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq ərsəyə gətirilmiş sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər nümayiş olunacaq. Əsərlərin əksəriyyəti geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim ediləcək.
“Siyasətdən kənar” sərgisi aprelin 28-dək davam edəcək.