«Uzun ömürlü çinarlar əvvəl-əvvəl min bir zillətlə yerin dərin qatlarına kök-köməc atırlar. Bu zaman hər kəsin, yanından ötən kimsənin belə diqqətini cəlb etmir. Elə ki, ayağını bərkidib qol-budaq atmağa güc verdi, bundan sonra könülləri oxşayır...» Bu sətirlər yazıçı-publisist, «Qızıl qələm» media mükafatı laureatı, «Məshəti» fəxri diplomuna layiq görülmüş Salatın Əhmədlinin Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin sədri, istedadlı şair Barat Vüsal haqqında «Qanun» nəşriyyatında yenicə çapdan çıxmış «Ömrünü Qazaxda yaşayan şair» kitabından götürülmüşdür.

Müəllif son on beş ildə Barat Vüsal haqqında dövri mətbuatda dərc edilmiş, radioda səsləndirilmiş məqalələri, jurnalistlərlə apardığı müsahibələri, ünvanına göndərilmiş məktubları, xatirələri, fotoşəkilləri, şeirlərindən seçmələri kitabda toplamışdır.

Məqalələrin birində Xəlil Rza Ulutürk mükafatı laureatı Barat Vüsal uzunömürlü çinara bənzədilir. Ona görə çinara bənzədilir ki, şairin hər bir şeiri ötən əsrin qaynaqları üstə köklənib. Onun poeziyasının dadı-tamı doğma ocağın şəhdi-şirəsindən süzülüb gəlir.

Kitaba xalq şairi Nəriman Həsənzadənin Barat Vüsalın 50 illiyi münasibəti ilə «Ədəbiyyat» qəzetində çap olunmuş «Şairin poetik dünyası» yazısı da daxil edilmişdir. Nəriman müəllim şairin poeziyasını belə qiymətləndirmişdir: «Barat Vüsal böyük ədəbiyyat, böyük hisslər, duyğular carçısı olaraq artıq öz şairlik mövqeyini müəyyənləşdirmişdir. Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri kimi nüfuz qazanmışdır».

Kitabın redaktoru, filologiya elmləri namizədi Fəridə Ləmanın qeyd etdiyi kimi, Barat Vüsal yurd yerinə köklü bir şairdir. O, şair ömründə, fərdi taleyində bütöv Azərbaycan  vüsalını yaşatmaq arzusundadır.

Mən öləndə görəcəklər,
Köksüm üstə ürək deyil,
Azərbaycan döyünürmüş.

Kitabda toplanmış yazıların bir qismi Barat Vüsalla jurnalistlərin apardığı müsahibələrdir. Şair poeziyasında olduğu kimi, müsahibələrində də, söhbətlərində də səmimidir. Müsahibələrinin birində deyir: «Mən də qələm əhliyəm. Sözün də  bazara çıxarıldığı bir dövrdə yaşayıram.  Sözün də «ölüm və olum» məqamlarını eşidirəm. Qorxuram. Məni qorxudan  çap edilməmək təhlükəsi deyil. Məni düşündürən yaxşı yaza bilməmək dərdidir».
«Barat Vüsal haqqında deyilmiş fikirlərdən» bölməsində görkəmli ədiblərin, sənət adamlarının ürək sözləri verilmişdir. El anası Mirvarid Dilbazi yazır: «Hörmətli Vətən oğlu, şair Barat Vüsal! Şeirlər kitabını açıb «Müəllifdən» parçanı oxumaq kifayətdir ki, sənin Allah tərəfindən istedadla mükafatlandığına inanasan. Sən şair yaranıbsan!»

«Barat Vüsal intellektual səviyyəsinə, yaradıcılıq miqyasına görə seçilən şairlərdəndir. Onun şeirlərində ənənə ilə novatorluğun, tarixiliklə müasirliyin ülvi vəhdətini görürük». Bu fikir isə AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərova məxsusdur.

Barat Vüsalın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, görüşdüyü insanlar barədə xatirələri oxucu tərəfindən razılıqla qarşılanır. Səməd Vurğun, Hüseyn Arif, Həmid Abbas, Ədalət Nəsibov haqqında yığcam, səmimi və duzlu xatirələr publisistin qələmindən çıxmışdır.
Şairin kitabı ərsəyə gətirənlərə - müəllif Salatın xanıma, redaktor Fəridə xanıma şeirlə minnətdarlığı son söz əvəzidir. Az  tirajla çap olunan kitab əldən-ələ gəzir, oxucuya əyalətdə yazıb-yaradan  qələm əhli ilə yaxından tanış olmaq, onunla yenidən görüşmək imkanı verir.

Həmzə VƏlimƏmmƏdov,
Lerik rayonu