Ölkəmizin Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Heydər Əliyevin adını daşıyan muzeydə keçirilən tədbirdə çıxış edən səfir Hüseyn Quliyev ulu öndərin həyat və fəaliyyətindən danışıb, onun memarı olduğu müstəqil Azərbaycanın qazandığı uğurları diqqətə çatdırıb. Diplomat Azərbaycan - Özbəkistan əlaqələrinin möhkəmlənməsində ümummilli liderin tarixi xidmətlərindən söz açıb.
Azərbaycanın yaxın dostu, özbək iş adamı Haydbəy Djapaqov çıxışında Heydər Əliyevlə görüşündən bəhs edib. O, Azərbaycanın bu gününə fəxrlə baxdığını, ölkəmizin uğurlarını yüksək qiymətləndirdiyini söyləyib.
Çıxışlardan sonra ulu öndər Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti, dövlət quruculuğunda xidmətlərindən söz açan sənədli film nümayiş etdirilib.
Mərkəzin foyesində ulu öndərin həyat və fəaliyyətinə dair kitablar sərgilənib.