Xəbər verdiyimiz kimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq 10 may tarixində L. və M.Rostropoviçlərin ev-muzeyində ənənəvi “açıq qapı” təşkil olunub.
Gün ərzində muzeyi V.Mustafazadə adına 2 saylı incəsənət, K.Səfərəliyeva adına 16 saylı, Ə.Bakıxanov adına 6 saylı və T.Quliyev adına uşaq musiqi məktəblərinin müəllim və şagird heyəti, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları ziyarət ediblər.
Ziyarətçilərə “Heydər Əliyev və Mstislav Rostropoviçin dostluq əlaqələri” adlı slayd-şou göstərilib, muzeyin fondunda saxlanan “H.Əliyev və M.Rostropoviç” sənədli filmi nümayiş olunub. Bundan başqa, muzeyin fondundan götürülmüş fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib. Sərgidə H.Əliyev və M.Rostropoviçin səmimi ortamda çəkilmiş fotoları yer alıb.
Ziyarətçilər belə bir aksiyanın təşkilinə və aldıqları zəngin təəssürata görə muzeyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və rəy kitabına ürək sözlərini yazıblar.