Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 13-16 may tarixlərində Moskvada “İntermuzey-2016” beynəlxalq muzeylər festivalında iştirak edib.
Festivalda muzeyin təqdim etdiyi ekspozisiyada Azərbaycan milli musiqi alətləri, muğam, aşıq sənəti, tar ifaçılığı sənətimizin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin incisi elan edilməsini göstərən banner, Rusiya və digər MDB ölkələri ilə mədəni əlaqələri əks etdirən muzey materialları nümayiş etdirilib.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblının üçlüyünün ifasında Azərbaycan musiqisi səslənib. Onların ifasını stend ətrafına toplaşan tamaşaçılar maraqla qarşılayıb, rəy kitabında təəssüratlarını qeyd ediblər. Ansamblın ifasında rus bəstəkarı Sergey Prokofyevin “Üç portağala məhəbbət” operasından bir parça xüsusi maraq doğurub.