Budəfəki layihə ölkəmizin şimal bölgəsini əhatə edir

İyunun 9-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində “Uşaq kitab karvanı şimal bölgəsində” adlı layihəyə start verilib.
Layihə çərçivəsində təşkil olunan səyyar kitab sərgiləri respublikanın şimal bölgəsini - Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd respublikanın şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri və filiallarında uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etməkdir.
Artıq dördüncü dəfədir ki, təşkil edilən “kitab karvanı”nda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nümayəndələri ilə yanaşı, respublikanın bir sıra tanınmış uşaq yazarları da iştirak edir.
Hər bir rayon üçün nəzərdə tutulan kitab bağlamasında nəşriyyatların, yazıçıların da hədiyyəsi olmaqla, təxminən son illərdə nəşr edilən 1000 nüsxə uşaq ədəbiyyatı nümunələri rayon kitabxanalarına hədiyyə olunacaq. İyunun 15-dək davam edəcək layihə çərçivəsində kiçikyaşlı uşaqlar arasında “Nağıl bilicisi” adlı müsabiqə də keçiriləcək.