Xalq şairi Söhrab Tahirin yaxınları, dostları və ailə üzvləri Fəxri xiyabana gələrək ədibin məzarını ziyarət edib, qəbri üstünə tər çiçəklər düzüblər.
Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Yaqub Zurufçu və digər çıxış edənlər şairin ədəbiyyat tariximizdə silinməz iz qoyduğunu, əməyinə dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini vurğulayıblar.
Bildirilib ki, vətənindən didərgin düşmüş soydaşlarımızın nisgili Söhrab Tahirin şeirlərində zərif, xəfif şəkildə əksini tapıb. Onun yaradıcılığında ikiyə bölünmüş Vətənin həsrəti, azərbaycançılıq ideyaları sönməz məşəl kimi həmişə alovlanıb. Söhrab Tahir çağdaş ədəbiyyatımızın ən məhsuldar qələm sahiblərindən olub. Şairin 1000-dən çox şeiri, 57 poeması, habelə roman, povest və hekayələri çap olunub. Ömrünün son günlərində bitirdiyi “Ata” poeması şairin ölümündən sonra nəşr edilib.
Söhrab Tahir 1926-cı il mayın 27-də Cənubi Azərbaycanda, Astara şəhərində anadan olub. 2016-cı il mayın 4-də dünyasını dəyişib.