Azərbaycanda Milli Qurtuluş Gününün qeyd olunması ərəfəsində İsrailin Kiryat-Yam şəhərində “Qafqaz klubu” açılıb.
“Azİz” Assosiasiyasından verilən məlumata görə, tədbirdə şəhər şurasının deputatı Marqarita Kozakova bildirib ki, bu klub əslən Azərbaycandan və Şimali Qafqaz respublikalarından olan insanların milli bayramlarını, tarixi günlərini qeyd edəcəyi, habelə icmanın məşhur insanları ilə görüşlər keçirəcəyi yer olacaq.
Kiryat-Yam merinin müavini Adam Amilov və “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak bildiriblər ki, bundan sonra şəhər sakinlərinin qapısını döymədən içəri girə biləcəkləri daha bir evləri olacaq.
“Azİz” Assosiasiyasının üzvü Yeganə Salman Azərbaycanın müstəqillik tarixinin əlamətdar günlərindən olan Milli Qurtuluş Günü haqqında məlumat verib. Tədbirin sonunda konsert proqramı təqdim olunub.