İyunun 14-də Macarıstanın Azərbaycandakı səfirliyi “101 Azərbaycan xalq nağılı” toplusunun təqdimatını keçirib. Toplu Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin, habelə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə 1000 nüsxə tirajla üç cilddə macar dilində nəşr edilib.
Nəşrin redaktoru, tərtibçisi və tərcüməçisi həmvətənimiz, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, 30 ildən çoxdur ki, Macarıstanda yaşayan Svetlana Abdullayevadır.
Xalq rəssamı Arif Hüseynovun rəngarəng tərtibatında işıq üzü görən üçcildliyə “Məlikməmməd”, “Mərd və namərd”, “Qış hekayələri”, “Keçəl”, “Yusif və Sənubər” və digər məşhur Azərbaycan xalq nağılları daxildir. Folklor nümunələri 2005-ci ildə Bakıda nəşr olunmuş “Azərbaycan xalq nağılları” beşcildliyindən götürülüb.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bildirib ki, macar və Azərbaycan xalqlarının yaxınlığı bir çox layihələrin həyata keçirilməsinə gözəl zəmin yaradıb. Macarıstan səfirliyinin humanitar və mədəniyyət sahələrində müxtəlif tədbirlər keçirdiyini qeyd edən diplomat Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Mərkəzinin bu layihələrin həyata keçirilməsində rolunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Svetlana Abdullayeva toplu üzərindəki işindən, Azərbaycan xalq nağıllarının macar dilinə tərcüməsinə yaradıcı yanaşmasından söhbət açaraq ümidvar olduğunu bildirib ki, bu kitablar həm tələbələrin, həm də adi oxucuların macar dilini öyrənməsi üçün əvəzolunmaz mənbə olacaq.