25-26 iyun tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə “Ailə festivalı” adlı tədbir keçiriləcək.
Yeni təşəbbüs muzey məfhumunu genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı etmək məqsədi daşıyır. Tədbirin proqramı müxtəlif yaş həddinin maraqlarına cavab verəcək. Qonaqlar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi ilə yaxından tanış olacaqlar. Uşaq muzeyi şöbəsi bu festivalda xüsusi olaraq valideyn və uşaqlar üçün maraqlı oyunlar, açıq dərslər hazırlayıb. Bələdçilər muzey kolleksiyası və xalça tarixi barədə mini ekskursiyalar təqdim edəcəklər.
Festival çərçivəsində “Milli irsimiz” layihəsi Nyu-Yorkun Metropolitan Muzeyinin ailə turu motivi əsasında hazırlanmış “Detallarda gözəllik” adlı xüsusi ailəvi marşrut xəritəsinin, Londonun Viktoriya və Albert Muzeyinin əlaqələndirici oyunlarının nümayişi, muzey kolleksiyasını əks etdirən fotoovlar, xüsusi rəngləmə, “Art-detektiv” müsabiqələri və s. də nəzərdə tutulub. Zaman səyahətləri barədə “Əli və Zümrüdün sehrli xalçası” nağılı oxunacaq və XVIII əsrdə Şuşada “Əjdaha” xalçalarının yaranması sirləri açıqlanacaq.
Tədbirlərin əksəriyyəti 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, lakin məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuş oyunlar da vardır. Oyunların bir çoxu məktəbəqədər uşaqlar olduğu halda valideynlərin iştirakını da nəzərdə tutur. Biletləri muzeyin kassasından əldə edə bilərsiniz.