“Mədəniyyət.AZ” jurnalının 2016-cı il may ayı buraxılışı çapdan çıxıb. Nəşrin bu sayında da respublikamızda baş verən çoxsaylı sənət, mədəniyyət, ədəbiyyat hadisələri, keçirilən müxtəlif tədbirlər haqqında yazılar dərc olunub.
25-27 aprel tarixində Bakının ev sahibliyi etdiyi və beynəlxalq aləmdə böyük rezonansa səbəb olan BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun doğurduğu əks-səda, Azərbaycan Prezidentinin sərəncamları, bu işdə çəkilən zəhmətin dəyərləndirilməsi, hesabatlar, nəticələr, Bakı Bəyannaməsinin Azərbaycan və ingilis dillərində mətni, Qlobal Forumun qonaqları, mədəni proqram, digər tədbirlərin zənginliyi - bir sözlə, söhbət açmağa dəyən hər məqam oxucuların diqqətinə çatdırılıb.
Jurnalın “Tarix” rubrikasında müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Azərbaycan tarixini yazan dahi şəxsiyyət haqqında düşüncələrə yer verilib.
“Nisgilimiz-Qarabağ” rubrikasında böyük ağrımız Laçın və Şuşanın işğalı yad edilib. 2016-cı il aprel döyüşlərinin gənc qəhrəmanı Əbdülməcid Axundov haqqında məqalə hər dəfə oxunduqca şəhidimizin ruhu şad olacaq!
Bu sayda ölməz qəzəlxan Əlağa Vahidin həyat və yaradıcılığına nəzər salınıb və haqq dünyasına qovuşan Xalq şairi Söhrab Tahirin xatirəsi anılıb, şeirləri verilib.
Balacaların sevimli məkanı, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 85 illik tarixinə qısa nəzər salınıb.
“Zamanla üz-üzə” layihəsi haqqında növbəti yazı isə oxucuları yenə simfonik musiqinin sehrinə salacaq. Oxucular həmçinin may ayının kinopanoramına nəzər yetirəcək, 18 may - Beynəlxalq Muzeylər Günü ilə bağlı nazirliyin keçirdiyi tədbirlərdən xəbərdar olacaq, şəhərimizin sənətkar qonağı, kuklaçı Qalina Dmitrukun yaradıcılığından feyz alacaq, ölkəmizin qoşulduğu beynəlxalq “Termal şəhərlər” layihəsi ilə tanış olacaq və ənənəvi olaraq Azərbaycan elminə xidmət edən alim və gənc araşdırmaçıların məqalələrindən faydalana biləcəklər.