Azərbaycan Fotoqraflar Birliyinin (AFB) ənənəvi “açıq qapı” günü toplantısı keçirilib.
Toplantıda iyunun 2-dən 5-dək Türkiyədə “II Beynəlxalq Malatya Fotokampı”nda iştirak etmiş AFB-nin idarə heyətinin sədri Mirnaib Həsənoğlu və iyunun 6-dan 12-dək Başqırdıstanda reallaşmış “Başqırdıstan. Təbiət. İnsan. Mədəniyyət-2016” aksiyasının iştirakçısı olmuş Rauf Umudov təəssüratlarını bölüşüblər. Ayxan Əhmədov “Multikulturalizm ili”nə həsr olunmuş “Azərbaycanda multikulturalizm” fotomüsabiqəsi haqqında ətraflı məlumat verib.
Daha sonra M.Həsənoğlu “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icrasına başladığı “Azərbaycan” fotomüsabiqəsi, ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması layihəsi haqqında danışıb. Digər yeni bir layihə olan “ASAN Könüllüləri III Yay Məktəbi - həmrəylik düşərgəsi” adı altında Lahıcda həyata keçiriləcək tədbir barədə məlumat verib.
Toplantıda keçən ay üçün elan olunmuş “Sirli siluet” mövzusunda müsabiqəsinin qalibləri də seçilib. Qaliblər Toğrul Həsənbəyli, Həsən İsmayılov və Fidan Cəfərovaya diplom və hədiyyələr təqdim edilib.