Prezident İlham Əliyev iyulun 12-də “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, qeyri-neft sektorunun mühüm sahələrindən olan turizmin inkişafı və ölkənin əlverişli turizm potensialından daha səmərəli istifadə etməklə bu sektorun iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübələr əsasında müntəzəm olaraq işlər həyata keçirilməkdədir. Ötən dövrdə görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiya təmin olunmuş və milli turizm kompleksinin rəqabətə davamlığı yüksəldilmişdir.
Ölkədə turizm infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması, onun ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi turizm sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.
Fərmanda vurğulanır ki, əcnəbilər tərəfindən ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması - “tax free” sisteminin tətbiqi beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə olunur.
Bununla bağlı qaydalar təsdiqlənib və fərmanın icrası üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti, Ədliyyə, Vergilər, Maliyyə nazirliklərinə, Dövlət Gömrük Komitəsinə müvafiq tapşırıqlar verilib.
Mədəniyyət və Turizm Nazirliyinə Vergilər Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “tax free” sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində və hava nəqliyyatında videoçarxların yayımlanmasını və ölkəyə gələn turistlərə müvafiq bukletlərin paylanmasını təmin etmək tapşırılıb.