Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov 2016-cı il iyulun 6-da vəfat etmişdir.
Cahangir Əli oğlu Soltanov 1958-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Zaqatala rayonunun Lahıc kəndində tarix müəllimi kimi başlamış, rayon Komsomol Komitəsinin I katibi, rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Fındıqçılıq sovxozunun direktoru, 2007-ci ildən Tarix-diyarşünaslıq muzeyinin direktoru vəzifələrində çalışmışdır.
O, rayonun keçmişi ilə bağlı dəyərli faktları üzə çıxarmış, 2015-ci ildə tarixi faktlarla zəngin “Zaqataladan milyon qızılgül” kitabı çap olunmuşdur. Tarixçi-etnoqraf kimi Zaqatala-Qax-Balakən zonasında yaşayan xalqların tarixini gələcək nəsillərə çatdırmaq üçün bütün qüvvəsini sərf etmiş, gözəl ziyalı kimi tanınmışdır.
Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyi və kollektivi Cahangir Soltanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.