Xəbər verdiyimiz kimi, iyulun 9-da İstanbulda TÜRKSOY ölkələrinin UNESCO üzrə milli komissiyalarının 6-cı iclası keçirilib. Plenar iclasla yanaşı, qeyri-maddi mədəni irs, mədəni və təbii irs, dünya yaddaşı və təhsil üzrə seminarlar da təşkil olunub.
Ölkəmizin nümayəndə heyəti tərkibində yer alan Mədəniyyət və Turizm Nazirliyinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli qeyri-maddi mədəni irs üzrə 9-cu seminarın moderatorlarından biri olub. O, çıxış-təqdimatında ölkəmizdə bu sahədə görülən işlər, UNESCO ilə əməkdaşlıq barədə danışıb. Sektor müdiri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mədəniyyətimizin, o cümlədən qeyri-maddi mədəni irsimizin mənimsənilməsi istiqamətində də davam etdirildiyini diqqətə çatdırıb. Bu nöqteyi-nəzərdən TÜRKSOY-a üzv ölkələr daha sıx əməkdaşlıq etməli, UNESCO-da bir-birinə dəstək olmalı, birgə təşəbbüslər irəli sürməlidirlər.
Nazirliyin nümayəndəsi tərəfindən həmçinin iclas iştirakçılarına Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinə dair slayd-şounu təqdim edib.