Müsabiqənin şərtlərində də dəyişiklik edilib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş batal janrında (batal - təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Bu janrda döyüş səhnələri təsvir olunur, xalqın, millətin, qəhrəmanların, sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir) respublika rəsm müsabiqəsinin şərtləri dəyişdirilib və vaxtı 2016-cı ilin 31 dekabrınadək uzadılıb.
Yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini müsabiqəyə təqdim edə bilər.

Müsabiqənin şərtləri:
• Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Azərbaycan tarixinin şanlı döyüş səhifələri, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini əks etdirməli, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir;
• Rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir;
• Münsiflər heyəti tərəfindən seçilmiş əsərlər nazirlik tərəfindən müqavilə yolu alınacaqdır.

Müsabiqədə iştirak:
Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərinin mövzusu və ilkin eskizlərini 2016-cı il avqust ayının 15-dən 30-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə (Ünvan: Bakı ş., Ü.Hacıbəyli küçəsi, 84, 5-ci alaqapı, III mərtəbə, 305-ci otaq, telefon: +994 12 493-93-85) təqdim edərək razılaşdıra bilərlər.
Göstərilən vaxtdan əvvəl hazır olan əsərlərin fotoşəkilləri elektron poçt vasitəsilə g.gasimov@mct.gov.az e-mail ünvanına göndərilməlidir.
2016-cı ilin may ayınadək müsabiqəyə təqdim edilmiş işlərin müəllifləri öz əsərlərini “Xətai” Sənət Mərkəzindən götürə bilərlər.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında" 27 iyul 2015-ci il tarixli əmrinə uyğun olaraq, nazirlik tərəfindən əhalidə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan tarixinin şanlı döyüş səhifələrinin, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini təsviri sənət əsərlərində əks etdirmək məqsədilə keçirilir.