Beynəlxalq simpozium keçiriləcək

İyulun 15-16-da AMEA-nın Folklor və Ədəbiyyat institutlarının təşkilatçılığı ilə “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq simpozium keçiriləcək.
Bildiyimiz kimi, 2017-ci ildə Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının təşkil edilməsi nəzərdə tutulur. Belə bir şəraitdə islam coğrafiyasında idman ənənələrinin, ənənəvi xalq oyunları və meydan tamaşalarının öyrənilməsi, bu sahədə oxşar və fərqliliklərin araşdırılması, Azərbaycan oyun mədəniyyətinin təsir dairəsinin aşkara çıxarılması istər elmi, istərsə də ictimai-mədəni baxımdan ayrıca önəm daşıyır.
İslam və Azərbaycan coğrafiyasında mövcud olan oyun və tamaşa nümunələri özündə ən qədim dövrlərin dünyagörüşünü, adət və ənənələrini mühafizə edib yaşadır. Qloballaşma və müasirləşmə şəraitində bu mədəniyyət nümunələrinin bir çoxu icra və ifa proseslərindən kənarda qalıb, bir hissəsi isə tamamilə unudulmaq təhlükəsi ilə üzləşib.
Beynəlxalq simpozium öz iştirakçıları və tematikası baxımından islam coğrafiyasını əhatə edəcək və bu coğrafiyada yaşayan xalqların ənənəvi mədəniyyətinin, mərasim folklorunun, oyun və tamaşalarının müxtəlif aspektlərini araşdıracaq, aktual məsələlərini müzakirə edəcək.

S.Qaliboğlu