Dosye:
Təvəllüdü: 1988-ci il
Janrı: tragikomediya
Rejissoru: Vaqif Mustafayev
Ssenari müəllifi: Ramiz Fətəliyev,
       Vaqif Mustafayev
Quruluşçu operator: Aleksandr İlxovski
Quruluşçu rəssamlar: Rafiq Nəsirov,
    Nazim Hacıyev
Bəstəkar: Emin Sabitoğlu

Rollarda:
Mamuka Kikaleşvili-Hətəm
Həsənağa Turabov-Qəzənfər
Yaşar Nuriyev-Maşallah
Larisa Borodina-İradə
Ağahüseyn Kərimov-Mirzə baba
Hamlet Xanızadə-Ələsgər
Məlik Dadaşov-Molla
Zərnigar Ağakişiyeva-Qayınana
Və  başqaları

Ödüllər:

1.1989-cu ildə Odessada "Qızıl Dyuk" Beynəlxalq Kinofestivalı
Filmə Odessa centlmenlərinin prizi verilmişdir.

Hətəm rolunun ifasına görə aktyor Mamuka Kikaleşvili ayrıca priz almışdır.
2.1989-cu ildə Qabrovoda komediya filmlərinin festivalında film "Çaplinin Qızıl Əl Ağacı"  mükafatını qazanmışdır.

3. 1989-cu ildə film "Sovetskaya Kultura" qəzetinin prizinə layiq görülmüşdür.
4. 1989-cu ildə Kalinində sovet kinosu aktyorlarının "Ulduzlar-89" I Ümumittifaq Festivalı

Aktyor Mamuka Kikaleyşviliyə debütə görə Priz təqdim etmişdir.
5. 1991-ci ildə quruluşçu rejissor: Vaqif Mustafayevə,quruluşçu operator: Aleksandr İlxovskiyə Dövlət mükafatı verilmişdir.
Cəza müddəti: - ?

İkrah

"Yaramaz" filmi rejissorun yaradıcılığında, ümumiyyətlə, Azərbaycan kinosunun, hətta sovet kinosunun tarixində yeni başlanğıc, dönüş nöqtəsidir. "Yaramaz" sanki Mustafayevin çəkəcəklərinə girişdir, yaşadığımız cəmiyyət və fərd barədə dəhşətli proqnozlar verən annotasiyadır. "Yaramaz" sosial fəlakət qorxusudur ki, bundan sonra "arsızca" absurd komediyalar ("Fransız", "Hər şey yaxşılığa doğru", "Milli bomba") gələcək. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu?

Filmin qəhrəmanı Hətəm sadədil birisidir. Film onun cəmiyyətdə qazandığı mənəvi deqradasiya prosesini təsvir edir. Sadəlövhlüyü ucbatından Hətəm töhmətlər qazanır, cəmiyyətdə artıq normallaşmış hər cür alçaqlıq və əxlaqsızlıq onun dəyərlərini tərk silah edir. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı (Muxtar Maniyev) yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü (Mənsur Məmmədov) şəxsi işi üçün onun adından istifadə edir. Hətəm get-gedə bütün bunları norma kimi qəbul edir.  Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Əgər əvvəl timsah dərisindən olan pulqabını görəndə timsahlara yazığı gəlirdisə, varlanandan sonra sevdiyi qadını zorlayacaq qədər amansızlaşır.  Hətəm dünyanın sahibi olur. Ancaq onun dünyası pisliklər dünyasıdır. Hətəmin fabrikinin suvenirləri də dünyasını dəyişib...

Amma axı məsələ Hətəmdə deyil. Cəmiyyət elə qurulub ki, sistem pislərin ixtiyarındadır. İxtiyar sahibi onlardır və Hətəm onların qapılarını döyür. Bu cəmiyyəti quranlarsa Maşallah kimi başını saxlamaq istəyənlərdir. Əlbəttə, əvvəlcə Hətəmə pis olur. Amma filmin kulminasiya məqamlarından olan Qəzənfərlə görüş epizodunda artıq o yolu qəti olaraqa seçir, getmək zorunda qalır, əclaflığını boynuna alır. Qəzənfərin qabağında qarnı tullana-tullana rəqs edir və qışqırır "Mən yaramazam...mən yaramazam". Qəzənfərsə (Həsən Turabov) sakitcə əclaflıq hakimiyyətinin təntənəsindən zövq alır. Turabovun oyun manevrləri olduqca təsirlidi. Əvvəlcə o, əl çala-çala Hətəmə ritm tutur: "Rəqs elə və qışqır: "Mən yaramazam". Hətəm öz şəxsiyyətini, təmizliyinin son "qırıntılarını" tapdaya-tapdaya onun gözündən düşür, daha doğrusu, maraqsızlaşır -Adam artıq bunu etdi. Onda Qəzənfər sakitcə ona baxır və deyir "Sən, sabah mənə zəng vur". Bu epizod filmin kulminasiya anı olmaqla, faciənin pik məqamıdır. Yaşamaq sosial qorxuya qarışıb. Hətəm bu qorxulardan keçir.
Filmdə qəhrəmanın, kütlənin, məmurun diaqnostik dəqiqliklə ölçülmüş obrazları var. Film bütün stixiyası ilə qorxu, daha artıq bir xof ötürür. Bu xofun içində  avtoritar cəmiyyətə ikrah var.

Xilas konsepsiyası

"Nakəs"in qəhrəmanı prinsipsiz, əqidəsiz adamdır. O, öz kimliyini əvəz etdiyi çoxlarının arasında itirib. Bu çoxlarını birləşdirən bir cəhət var: xilas etmək. O, incidilənlərə tərəfkeşlik edir. Deyilənə görə, "Nakəs" ümumbəşəri bir əhvalatdır.

İmtina

Sanki xilas konsepsiyasının iflasından sonra yaşanan haldır imtina. "Fransız" filminin qəhrəmanı milli kimliyindən imtina edir. Heç nə onu milliyyətinə dönməyə məcbur edə bilmir: nə meyxana, nə saz, nə siyasi çıxışlar, nə də gözlənilən toy. Əksinə bunlar onu daha uzaq olmağa, daha qətiyyətlə imtina etməyə vadar edə biləcək məqamlardır. Bu məqamları rejissor sonra ("Yerlə göy arasında" filmində)  "milli psixologiyamızın dərinlikləri" adı ilə ironik, acı istehzalı ancaq  fəxrlə xarici turistə təqdim edəcək. "Fransız"ın qəhrəmanı isə xarici turist (yəqin ki, o, min dəfə buna təəssüflənir) deyil.

Özümüzünküdür. Amma fransızca danışır, qətiyyətlə milliyyətindən imtina edir. Onda Fərmanın qəhrəmanını unudulmuş bir vacib adət özünə qayıtmağa məcbur edir. Buna bizlərdə "sünnət" deyirlər. El arasında ağıl və sünnət mövzusunda bir atalar sözü də bu yerdə xatırlanmağa layiqdir. Filmdəsə bu atalar sözü xatırlanmır. Sadəcə bir kəlmə ilə bütün bu həngaməyə bəraət, üzrxahlıq və irad bildirilir: "Millətimə qurban olum, ay ana! Amma nə olar, siz də millət olun da..."


"Hər şey yaxşılığa doğru"

Bunu təsəlli də hesab etmək olar, nikbinlik də. Hər şeydən çox bu filmdə sevgi var - İnsana sevgi. Təxminən belə bir mesaj ötürür: "Siz beləsiniz. Amma nə etməli, sizi sizdən imtina edə bilməyəcək qədər sevirəm".
Ortada yenə milli kimlik məsələsi var. Bu dəfə bu adam ölüdür. Film boyu onunla nə edəcəklərini bilmirlər. Hərçənd bu da absurddur. Məgər ölünün milliyyəti olurmu?

"Milli bomba"

Ölkələrin bir-birini kütləvi qırğın silahı ilə hədələdiyi, tərk-silah olmağı hiyləgərcəsinə tələb etdiyi bir zamanda biz "Milli bomba"mızı təqdim edirik. Qəribə də olsa "Milli bomba"nın müəllifi özümüzük. Necə ki, Vaqif Mustafayevin çəkdiklərinə Azərbaycanda yaşayan hər kəsin müəlliflik haqqı çatır. "Milli bomba"da da, ondan sonra çəkilən "Yerlə göy arasında" filmində də rejissor kameranı mentalitetimizin ən incə məqamlarına çevirir. Bu bacarığına görə Vaqif Mustafayevə "dahi montajçı" da demək olar. Bu montajçı isə yorulmur. Hələ də təftiş edir, sevir, ümid edir, imtina edir, çəkir və "Yoxlama" aparır. Bütün çəkdiklərində isə absurd bir realizm hökm sürür. Kiməsə görə, bu onun üslubudur, dəst-xəttidir, kiməsə görə, sevdiyi janr, kiməsə görə, çəkdiklərinin məntiqi, xarakteri, düşüncəsi, bəzənsə yaradıcı insan kimi mövqeyi...


Klassik ədəbiyyatımız yardan, onun yaraladığı, incitdiyi aşiqin iztirablarından boldur. Deməyəsən, bu gün də bu ənənə davam edirmiş. Yar yaralamaqda davam edir. Mustafayevsə hələ də sevməkdən usanmır.