Müsahibimiz ehtiyatda olan mayor, ilk hərbi diktorumuz, vətənpəvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlıdır.

- Şəmistan müəllim, ictimai və sənət bioqrafiyanızdan  öncə, müxtəsər tərcümeyi-halınız...

- 1959-cü il fevralın 4-də qədim Borçalının, indiki Marneuli rayonunun Aşağı Qullar kəndində doğulmuşam. Deyirlər, çox nadinc, tərs uşaq olmuşam. Bununla belə, "ailənin ən istəkli"si nominasiyası üzrə "laureat"ı   da mən olmuşam.

- O nadincliklərlə bağlı yaddaş "klip"inizdən bir-iki fraqment ...

- Bunları o vaxt kəndimizdə tibb-təbabət adına yeganə ümid yerimiz olan Eldar həkimdən və ətraf obalardakı sınıqçı-çıxıqçılardan soruşa bilərsiniz. Belə ki, meşəbəyi olan atamın yeddi-səkkiz dəli atı vardı və mən o atlardan çox yıxılmışam. Tay-tuşlarımla çox çəkişib-bərkişmiş, kəndimizin aşağısından axan Xram çayında çox boğulub-doğulmuşam.

- Məktəb zamanı gəldi...

- Böyük qardaşım Əmiraslan birinci sinfə gedəndə mən də, heç məktəbin nəlik-nəmənəliyini bilmədən, ağlayıb ona qoşulmuş, 5 yaşımda şagird olmuşam. Doqquzuncu sinfi bitirəndən sonra atam mənə dedi "Səni qoymayacam bu kənddə qalasan, çıx get, ya Bakıya, ya Tiflisə, Moskvaya."
Atam istəyirdi mən polis olum. Deyirdi o forma sənə çox yaraşar.
Mənsə dənizçi - gəmi kapitanı olmaq istəyirdim. 15 yaşım olanda məni Bakıya  -   dənizçilik məktəbinə gətirdilər, amma  qəbul etmədilər, dedilər 17 yaşından götürürük. O qədər ağladım, ağladım...

- Deməli, ilk "məhəbbət"iniz dənizçilik olub və bütün ilk məhəbbətlər kimi qismət olmayıb...

- Sonra   elektrik qaynaqçılığı peşəsini öyrənə-öyrənə dram dərnəklərinə  gedir, sehrli aləmə düşürdüm. Nəhayət, incəsənət dəryası dənizçiliyə güc gəldi.

- O illərdə kimlərdəsə sonralar oxuyacağınız "İgid əsgər", "Cənab leytenant" obrazlarını da görürdünüzmü?

- Yox, bunlar sonralar yarandı.

- Bu gün çox vətənpərvər Şəmistan Əlizamanlı o vaxtlar nəpərvər idi?

- Mən çox kiçik bir kənddə anadan olsam da, bilirdim ki, Vətənimiz çox böyükdür. Uşaq vaxtlarımdan anlamışdım ki, mən ikiyə bölünmüş bir xalqın övladıyam. Bunu özümü dərk edəndən hiss edirdim. Hər gün fikirləşirdim ki, görəsən, burda bitən söyüd və yaxud armud ağacından o tayda da varmı?..

- ...Və sovet ordusuna gedib gördünüz ki, o xəyallarınızdakı meyvələrdən çox, silah-sürsatlar var bu dünyada..

- Hə, texniki-peşə məktəbini bitirdikdən sonra orduya getdim, 1977-1979-cu illərdə Moskvada əsgəri xidmətdə oldum. İmkan olduqca teatrlara gedər, "Teatralnaya jizn" jurnalıyla nəfəs alardım. Moskva teatrlarında dekorasiya işlərinə kömək edirdim və axşamlar  tamaşaya pulsuz baxmağa icazə verirdilər.
Əsgərlikdən sonra, İrəvanda oxuyan böyük qardaşımla əlaqə qurdum, C.Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrına getdim. O vaxt orada teatrın direktoru işləyən Hidayət Orucov  dedi, elə sənin bu boy-buxununa 100 manat maaş verəcəm.
Mənsə fikirləşirdim ki, bu teatrda pulsuz işləməyə götürərlər, bir az püxtələşərəm,  gedərəm Bakıya. İlyarımdan sonra məni göndərişlə yolladılar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADİMU). Aslan Aslanovun qəbulunda  S.Vurğunun "Azərbaycan" şeirini dedim. Çox xoşu gəldi. Mən istəyirdim mədəni-maarif   fakültəsində qiyabi oxuyum, həm də teatrda işləyim ki, ailəmizə yük olmayım. Lakin Aslan müəllim təkid etdi ki, sən əyani aktyorluq fakültəsində oxuyacaqsan. Mənim səsimi hamıya eşitdirmək üçün gah şeir söylətdirər, gah da elə belə sual-cavablar edərdi. 
- Keçək AzTV-də məşhur "Qarabağ xəbərləri erası"na. 1992-ci ildə hərbi diktor kimi məsuliyyətli bir missiyanı həyata keçirməyə başladınız...
İlk dəfə mən televiziyada 1992- ci il iyulun  7-də hərbi formada göründüm. Qaldım Müdafiə Nazirliyi ilə AzTV arasında. Həm orda işlədim, həm burda. Təzə-təzə, təbii ki, o obrazı yaratmaq məni həyacanlandırırdı. Fikirləşirdim ki, bu gün mən xalqın yeganə "hərbi dil"iyəm...

- Siz o obrazı məhz o gün yaratdınız, ya çox elementi daxilinizdə əvvəldən vardı?

- Özüm bir vətəndaş  kimi, diktor kimi, aktyor kimi var idim, kamil hərbi diktor obrazını isə yaratmaq lazım idi. Geyimindən, saçından tutmuş - səs, iç, daxili aləm "portretinə" qədər. Biri mənə deyirdi ciddi oxu, qoy erməni qorxudan tük salsın, o biri deyirdi yumşaq oxu - xalqın ürəyini qırma...
Mən bu işə girdim və beləliklə o müharibə mənə hopmağa başladı. Məni dəyişdirdi tamam. Cəbhə bölgələrinə getdim, müharibənin əsl sifətini gördüm. Bu da mənim xarakterimə təsir edirdi.

- Bu məsələdən yeni bir tale kimi bəhs edirsiniz...

- Bu mənim millətimin taleyi idi. Torpağında müharibə gedən xalqın taleyi. Bu taledə mən də vardım. Amma getdikcə mən artıq özüm olurdum. Hər gün nəbzim 7-8 milyonluq  xalqın eşidib yaşayacağı xəbərlərlə döyünürdü.  Bütün bunları əvvəlcə Şəmistan Əlizamanlı kimi yaşayırdım, sonra hərbi diktor kimi.

- Xalq Şəmistan Əlizamanlının diktorluğunda qalib gəlirdi. Yəni, bəlkə döyüşdə uduzduğu bir məqamda Şəmistan diksiyası, Şəmistan qətiyyəti və görünüşündə qələbə, uğur yaşayırdı.

- Mənə verilən bəzi xəbərlərdən imtina etdiyim məqamlar olub; xalqımız sınmasın, ruhdan düşməsin. Diksiya, qətiyyət məsələləinə gəldik də isə  mənim bir istəyim də bütün ailələrdə - istər kasıb olsun, istər zəngin - müharibənin getdiyini hiss etdirmək idi. Məncə, buna nail olurdum. Mənə gələn məktublardan bilirdim bunu.   

- Həmin bu ümumxalq emosiyalarını görən o vaxtkı bəzi nazirlik yetkililəri səni "sürgün"ə göndərmək fikrinə də düşmüşdülər...

- Qubadlıya göndərdilər məni. Ancaq orda da əsgərlərin hörmət-izzət aurasında oldum.

- Bunlar Vətən sərhədləri daxilində olub. Bəs Şəmistan Əlizamanlı vətəndən kənarda?

- 2001-ci ildə mayor rütbəsi ilə ehtiyata çıxdım. Sərbəst olaraq yaradıcılıqla məşğul olmağa başladım. Ondan sonra başladı mənim Almaniya, Türkiyə səfərlərim.  
1993-cü ildən məndə mahnı yaradıcılığına, ifaçılığa maraq yaranmışdı. "İgid əsgər, möhkəm dayan" mahnısının yaranmasının səbəbkarı Milli Qəhrəman, Ağdərədə şəhid olan dostum  Yusif Mirzəyev olub. Yusif xəstəxanada müalicə olunurdu o vaxt. Onun yanına gedib-gəlirdim. Mənim yanımda da mərmi partlamışdı. Bu məni narahat edirdi. Yusiflə eyni xəstəxanada müalicə olunurduq. Bir gün xəstəxananın həkimi Şahin   Musayev dedi ki, mahnı yazmışam, oxuyum, qulaq asın. Zümzümə elədi. Yusif çox bəyəndi bu mahnını. Dedim ki, sənin üçün ifa edərəm bu mahnını. O vaxt Yusif Milli qəhrəmanlığa təqdim olunmuşdu. Ağdərəni 24 saat ərzində 14 nəfərlə qorumuşdu. Fevralda o şəhid oldu. Dostlar dedilər ki, onun haqqında sənədli bir film hazırlanır və o mahnını sən ifa edəcəksən.
Əlqərəz, oxudum, gördük alındı və elə o vaxtdan  bu işi davam etdirdik. Onun ardınca yazıldı - "Cənab leytenant", "Çağırır vətən", "Vətən əmanəti", "Birinci batalyon", "Qalx, Azərbaycan!" və s.

- Daha neylədiniz?

- Mən...daha doğrusu, biz əlimizdən gələn hər şeyi etdik.

- Amma igid əsgər sonadək möhkəm dayana bilmədi...

- Yox, biz düşməndən qat-qat möhkəm və üstün idik. Mən bunu görürdüm. Biz siyasi oyunların, mənəm-mənəmliklərin qurbanı olduq. Çaxnaşma, orduya hərbə dəxli olmayan insanlar...
Bizdə oğullar vardı ki, biri beş düşmənə dəyər!..
Biz düşmənə üzbəüz döyüşdə məğlub olmamışıq. Daxili çəkişmələrin qurbanı olmuşuq. Xatirələr kitabı yazmaq istəyirəm. "Şərəfli, ağrılı illərim" adlı. Həmin kitabda dünən və bu gün söyləmədiklərimi  yazacağam.

- Şəmistan müəllim, toylarda bu və ya digər səbəblərdən iştirak edəndə sizin ifanız hamını öz əsirinə çevirir. Bəs, Sizi niyə məxsusi olaraq toya çağırmırlar?

- Çünki mən toya getmirəm. Özümü toy müğənnisi kimi görmürəm. Dostlarım, tanışlarım məni dəvət edəndə gedirəm. Heç o toylarımız bizə yaraşan toylardırmı? İndiki cavanlarımız, heç  uzağa getməyək, öz atalarının toyları haqqında heç nə eşitməyiblərmi? Ümumiyyətlə, indiki mərasimlərimiz istədiyimiz kimi deyil.

- Bir gün Vətənin də toyu olacaq. Qələbə toyu. Onda nə oxuyacaqsınız?

- Üzeyir bəyin  "Çırpınırdın, Qara dəniz"ini dalğalandırardım.

Söhbətləşdi: T.Abbaslı,
K.Cəbrayıl