Ötən gün bu münasibətlə Kinematoqrafçılar İttifaqında düzənlənən mətbuat konfransında birliyin katibi Rasim Balayev ölkəmizdə İran Kino Həftəsinin keçirilməsinin artıq ənənəyə çevrildiyini və həmin filmlərin tamaşaçılar tərəfindən maraqla qarşılandığını bildirdi. «Film həftəsinin təşkili ölkələr arasında gözəl körpüdür» - deyən R.Balayev iki ölkə arasında müştərək kinolayihələrin vacibliyini də diqqətə çatdırdı.
  
   Bu layihənin gerçəkləşməsini yüksək qiymətləndirən İran İslam Respublikasının Azərbaycandakı səfiri Naser Hamidi Zare İranda kinematoqrafiyanın məhz inqilabdan sonra geniş vüsət aldığını qeyd etdi. Onun sözlərinə görə, inqilabdan öncə İran kino sənayesi Qərb ölkələrində hakim olan ideyalardan asılı idi. Film istehsalçıları arasında özünəməxsus baxış mövcüd deyildi. “İslam inqilabından sonra 1979-1983-cü illərdə İran kinosunda qarışıq vəziyyət yarandı. 1983-cü ildə inqilabdan sonrakı şərait nəzərə alınaraq kinematoqrafiya qanunla tənzimləndi, qəddarlıq və bu kimi mənfi hallar İran kinosundan məcburi şəkildə çıxarıldı. Səfir fikrini davam etdirərək, bildirdi ki, bu gün İran kinosu daha çox mənəvi dəyərləri ön plana çəkməklə xalqa daha çox yaxınlaşıb. İnsan, onun psixoloji durumu, hissləri, cəmiyyətdəki mövqeyi İran kinematoqrafçılarını düşündürən mövzulardır”. Səfir həmçinin qeyd etdi ki, inqilabdan sonra İran kinosunda baş verən böyük dəyişikliklərdən biri də Rəxşan Bəni Etimad, Təhminə Milani və digər qadın rejissorların bu sahədə daha ciddi addımlar atması ilə müşayiət olundu. “Çünki bu vaxta kimi qadınlar kinoda fəaliyyət göstərmirdi. Hazırda isə onlar kinonun bütün istiqamətlərində çalışırlar”.
   Məlumat üçün bildirək ki, Müzəffərəddin şahın şəxsi köməkliyi ilə 1900-cü ildə İrana ilk kinematoqrafiya aparatı gətirilsə də, 1929-cu ilə kimi heç bir film çəkilməyib. Yalnız 1929 -cu ildə çəkilən tammetrajlı “Abi və Rabi” ilk İran filmi kimi tarixə yazıldı.
   Hazırda İran kinosunun beynəlxalq uğurlarının zirvəsini 1997-ci ildə Fransada keçirilən Kann Kino Festivalında rejissor Abbas Kiyarüstəminin lentə aldığı “Gilas tamı” filminin layiq görüldüyü “Qızıl Palma budağı” mükafatı təşkil edir.
   Avropa Audiovizual Mərkəzin “Focus” adlı hesabatının ötənilki nəticələrinə görə, film istehsalı sahəsində İran kinematoqrafiyası 90 filmlə 14-cü, tamaşaçıların sayına görə isə 49-cu yerdə qərarlaşır.
   İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə fevralın 6-12 tarixlərində reallaşan film həftəsində beş ekran əsəri nümayiş olunacaq.
  
    İran Kino Həftəsinin proqramı:
  
   6 fevral. 17.00 - “İlahi rəng” (Məcid Məcidi) -(Aktyorlar evi)
   9 fevral. 18.00 - “Allah yaxındır” (Əli Vəzurian) - (Kino evi)
   10 fevral. 18.00 - “Ananın qonağı” (Daryuş Mehrcuyi) - (Kino evi)
   11 fevral. 18.00 - “Gecə” (Rəsul Sədr Amoli) - (Kino evi)
   12 fevral. 18.00 - “Ata” (Məcid Məcidi) - (Kino evi)
  

    Aylin