Filmin maliyyəsini İsveçrə tərəfi öz üzərinə götürüb
   
   “Dərviş” Prodüser Mərkəzinin rəhbəri Əli İsa Cabbarlının verdiyi məlumata görə, Azərbaycan və İsveçrənin birgə layihəsi əsasında yeni film çəkiləcək: «Filmin maliyyəsini bütünlüklə İsveçrə tərəfi öz üzərinə götürüb. Film dağ kəndlərinin birində çəkiləcək».
   
   Əli İsa Cabbarlının sözlərinə görə, filmin yaradıcıları xalqın mentalitetini araşdıracaq və yerli əhalinin özünü - həyatını, məişətini lentə alacaq: «Bu da filmə təbiilik gətirəcək. Onların səsini studiyada yazmaq mümkün olmadığından, biz həmin səsləri canlı yazacağıq. Belə bir təcrübədən Konçalovskinin “Sevən, amma ərə getməyən Asya Klyaçinanın əhvalatı” filmində də istifadə edilib. Həmin filmdə qəhrəmanlardan başqa, bütün personajlar kənd əhalisi idi. Bu təcrübə mükəmməl nəticə ilə başa çatmışdı. Bizim filmdə isə ümumiyyətlə, peşəkar aktyorlar olmayacaq. Kənd əhalisi aktyorlar kimi oynayacaq. Prodüserini sözlərinə görə, filmin çəkilişlərinin fevralın sonunadək yekunlaşdırılması planlaşdırılır. Montaj və digər texniki işlər aprelin ilk ongünlüyündə başa çatdırılmalıdır. Filmin təqdimat mərasimi isə may ayına nəzərdə tutulub».
   Qeyd edək ki, Azərbaycan kinosu üçün tamam yeni olan bu üsuldan Qərb kinematoqrafiyasında çoxdan istifadə edilir. Filmin rejissoru Asif Rüstəmovdur.
   Aytək