Bir mövzu dəfələrlə təkrar oluna bilər, amma hər «istifadəçi» ona öz mövqeyindən baxanda tamamilə fərqli əsərlər alınır və plagiat postmodernizmə çevrilir
   
   Plagiat - başqasının çəkdiyi əməyin, zəhmətin nəticəsini - bu istər ideya, süjet olsun, istər hekayə, roman, şeir, musiqi əsəri və ssenarini - özününküləşdirmək, ələ keçirməkdir... İstənilən müəllif gözləmədiyi bir anda plagiatlıqda ittiham oluna bilər. Məsələn, «Da Vinçi» kodu» meqabestsellerinin müəllifi Den Braunu artıq iki dəfə ideya oğurluğu ittihamı ilə məhkəməyə veriblər.
   
   
   Birinci dəfə Lyuis Perdyu adlı yazıçı Braunu müəllif hüquqlarını pozmaqda günahlandırmışdı. Perdyu iddia edirdi ki, Den Braun «Da Vinçi» kodu» romanının motivlərini və ideyasını onun «Allahların qızı» trillerindən götürüb. Amma məhkəmə Perdyunun bu iddialarını əsassız saymışdı.
   Brauna qarşı ikinci ittiham isə 1980-ci illərdə məşhur olan «Müqəddəs Qan və müqəddəs Piyalə» psevdo tədqiqat əsərinin müəllifləri, tarixçilər Maykl Beycent və Robert Liyə məxsusdur. Onlar da Den Braunu adıçəkilən əsərdə qoyulmuş ideyadan istifadə etməkdə və bu zaman müəlliflərin adını göstərməməklə hüquqlarını pozmaqda ittiham edirlər.
   
   Bəs kino aləmində?!
   
   Çin yazıçısı Li Szyamin buna görə Amerikanın ən böyük kinokompaniyalarından birini - «20th Century Fox» şirkətini və alman rejissoru Roland Emmerixi məhkəməyə verib. Yazıçı rejissoru və şirkəti intellektual mülkiyyətin oğurluğunda ittiham edib. Szyaminin iddiasına görə Roland Emmerixin 2004-cü ildə «20th Century Fox» şirkətinin sifarişi ilə lentə aldığı «Birisi gün» filmi Szyaminin 2001 və 2002-ci illərdə yazdığı iki pyesin konsepsiyası əsasında çəkilib. Yazıçı filmin 308 epizodunun həmin pyeslərdən götürüldüyünü deyir.
   Əslində plagiatçılıq son illərin problemi deyil. Rus yazıçısı, «Sakit Don»un müəllifi Şoloxovdan tutmuş Boris Akuninə qədər bir çox müəlliflər zaman-zaman plagiatlıqda ittiham olunublar.
   Nümunə kimi göstərdiyimiz faktları birləşdirən ümumi bir cəhət: - onların hamısında ittihamlar məşhurluğun nəticəsi olaraq meydana çıxır. Hər kəs şöhrət, zənginlik adlı tortdan öz tikəsini götürmək istəyir. Amma məsələnin mahiyyəti açıq qalmaqdadır. Doğrudanmı, oğurluq baş verir və bu məhkəməyə çıxarılacaq qədər dəhşətlidirmi?
   Təbii ki, burada qara piar elementi də öz rolunu oynayır. Antireklam da reklamdır. Bütün hallarda qalmaqal, səs-küy nə qədər çox olsa, bir o qədər yaxşıdır.
   
   Plagiat, ya postmodernizm?..
   
   Digər tərəfdən... Den Braunu da, Roland Emmerixi də ideya, fikir oğurluğunda ittiham edirlər. Yəni onlar bir başqasının beyninin məhsulunu təzədən işləyirlər və ilkin mənbəni göstərmirlər. Amma oxuduğumuz kitablardan, baxdığımız filmlərdən tutmuş danışıq tərzimizə, geyimimizə qədər yaşamımızın bütün nöqtələrinə nüfuz etmiş postmodernizmin əsas prinsiplərindən biri də bu deyilmi? - Dəfələrlə istifadə olunmuş ideyaların, motivlərin, süjetlərin yenidən işlənməsi... Bu hansı formada baş verir, hansı müəllifin versiyası daha uğurlu alınır və ya reklam agentləri, meneceri daha fəaldır - artıq başqa mövzudur... Postmodernizmin bu prinsipi sayəsində bir çox sahələrdə, olduğu kimi, plagiat və mövzudan təkrar istifadə arasındakı sərhəd də şəffaflaşıb və belə ittiham artıq daha çox piar vasitəsindən başqa bir şey deyil. Bir neçə il əvvəl kinoda postmodernizmin əsasını qoymuş şəxslərdən birinə - rejissor Kventin Tarantinoya jurnalistlər - «klassikaya, dahilərə münasibətiniz?» - deyə sual verəndə o, «dahiləri sevmirlər, onlardan oğurlayırlar» - deyə cavab vermişdi. Rejissorluğa başlamamışdan əvvəl videoprokatda çalışmış və qatı kinoman olan Tarantino bütün filmlərini klassik kino nümunələrindən yararlanaraq çəkir. Onun filmlərində hər epizod köhnə Hollivud və Asiya filmlərindən götürülüb. Rejissor nəinki bunu gizlətmir, əksinə hansı filmdən sitat gətirdiyini bir daha vurğulayır. Amma o da filmlərində müəllif adı çəkmir.
   Belə bir mülahizə mövcuddur ki, incəsənət aləmində bir neçə mövzu var. Və müəlliflər əslində bu mövzuların müxtəlif variasiyalarını hazırlayırlar - hərəsi öz dünyagörüşü, mentaliteti, intellektindən çıxış edərək...
   Azərbaycan ədəbiyyatında və kinosunda da plagiatlıq məsələsi daima aktual olub. Tanınmış kino xadimlərindən biri danışırdı ki, sovet vaxtında rejissor aldığı sifarişi yerinə yetirməzdən əvvəl eyni mövzuya aid əcnəbi, rus və eləcə də başqa ölkələrdə çəkilmiş filmləri mütləq izləyirdi. Həmin filmlər Bakıda tapılmayanda sifarişlə gətirilirdi. Təsadüfi deyil ki, milli kinomuzun bir çox nümunələri əcnəbi filmləri xatırladır. Xüsusən də bu son illərdə çəkilmiş filmlərimizə aiddir. Məsələn, «Arxada qalmış gələcək» və «Yalan» filmlərində olduğu kimi. «Yalan» filminin əksər epizodları eynilə başqa filmlərdən götürülüb - ora «Əsgər atası»ndan da səhnələr daxil edilib. Tarantinodan fərqli olaraq, postsovet ölkələrində bu bənzərliyi plagiat adlandırırlar. Elə filmin müəllifləri də titrlərdə «mən filmin çəkilişində filan-filan filmlərdən təsirlənmişəm» cümləsini yazmırlar.
   Nə baş verir? Niyə Tarantinonun «Billi öldürməli», «Kriminal qiraət», Robert Redriqesin «Dörd otaq» filmlərini sitatlar üzərində qurulmuş, postmodern ekran əsəri adlandırırıq, amma Ramiz Əzizbəylinin «Yalan» filmini plagiat?! Və bir daha eyni sual - doğrudanmı, bu belə şişirdiləcək dərəcədə dəhşətlidir?
   Tarantinonun filmlərinin şöhrətini nəzərə alsaq, deyə bilərik ki, elə də dəhşətli deyil. Hər şey nəticədən asılıdır. Martin Skorsezenin 2006-cı ilin ən yaxşı filmi kimi «Oskar»a layiq görülmüş «Dönüklər» filmi Çində istehsal olunmuş «İkiqat agent» filminin amerikan versiyasıdır. Təbii ki, Hollivudda belə məsələlərə ciddi nəzarət edilir və Skorseze filmə başlamamışdan əvvəl çinli həmkarlarından ssenarinin müəllif hüquqlarını satın alıb. Bununla belə M.Skorsezeni nəinki qeyri-orijinallıqda və ya ideya böhranında ittiham etmirlər, hətta işinə görə ən yaxşı rejissor adlandırırlar. Fransız rejissoru Lyuk Besson «Mələk A» filmində «Leon»un motivlərindən istifadə edib. Hətta dialoqlar da eynidir. Deməli, hər şey müəllifin yozumundan, təqdimatından asılıdır. Bir mövzu dəfələrlə təkrar istifadə oluna bilər. Amma hər «istifadəçi» ona öz mövqeyindən baxanda tamamilə fərqli əsərlər alınır və plagiatlıq postmodernizmə çevrilir.
   
   İ. Hacılı