Amerika Kino Akademiyasının üzvləri 2009-cu il üçün “Oskar” mükafatlarının qaliblərini seçiblər. Kino Akademiyası üzvlərinin doldurduğu səsvermə bülletenləri fevralın 17-də “Oskar”ın təşkilat komitəsi tərəfindən “PricewaterhouseCooper” kompaniyasının auditorlarına verilib. Bundan sonra auditorlar bülletenləri sayaraq nominantlara verilən səsləri hesablayacaqlar. Qaliblərin adları xüsusi zərfə yerləşdiriləcək və fevralın 22-də Los-Ancelesdəki “Kodak” kinomərkəzində keçiriləcək mərasim zamanı elan olunacaq. Ənənəyə uyğun olaraq “PricewaterhouseCooper”in auditorları bülletenlərin hesablanması zamanı gizli saxlanılan əraziyə aparılır və bu müddət ərzində heç bir kənar şəxslə əlaqəyə girmirlər. Onlar qaliblərin adlarını iki ayrı-ayrı zərfə yerləşdirirlər və zərflər mərasim keçirilən yerə iki müxtəlif marşrutla çatdırılır. 2009-cu ildə mükafatın qaliblərinin seçilməsində kinoakademiyanın 5810 üzvü iştirak edib. “Oskar”ın sayca 81-ci təqdimetmə mərasimini aparmaq avstraliyalı aktyor Hyu Cekmana həvalə olunub.