"Fəryad"la özünə abidə ucaldan rejissor
   
   1993-cü ildə "Azərbaycanfilm" və "Aşkarfilm" kinostudiyası "Fəryad" filmini istehsalata buraxdı. Vaqif Mustafayevin ssenarisi əsasında çəkilən filmə Ceyhun Mirzəyev quruluş verib. "Fəryad" filmi bu gün də öz aktuallığını saxlamaqdadır. Bu da ondan irəli gəlir ki, artıq 20 ildir Qarabağ uğrunda davam edən müharibə həll olunmayıb. Ceyhun Mirzəyev heç bir müdaxilə olmadan, öz görüntülərinə arxalanaraq filmi çəkdi.
   
   Rejissorun könlündən keçirmiş ki, İsmayılı məhz özü yaratsın. Ancaq rejissor işi ilə birgə filmdə rol yaratmaq ikiqat məsuliyyət tələb etdiyi üçün o, könlündən keçməsinə baxmayaraq, İsmayıl obrazını yaratmağa razılıq vermək istəməyib. Onu da qeyd edək ki, Ceyhun Mirzəyev hələ uşaqlıq illərindən filmlərə çəkilmiş və "Fəryad" filmi ilə birgə 25-dən artıq filmdə maraqlı obrazlar yaradıb. Filmin yaradıcı heyətinin müəyyənləşdiyi anda Bədii Şura yaradılmış və Ceyhun Mirzəyevin İsmayıl obrazı üçün yeganə namizəd olduğu təsdiqlənib. Kim nə deyir desin, bu talenin bir qisməti imiş. Ceyhun Mirzəyev son dəfə olaraq maraqlı bir obraz, öz deyimi ilə desək, "Ögey ana" filmindəki İsmayılın sonrakı həyatını yaratmalıymış.
   Ceyhun Mirzəyev hadisələrin ən qızğın gedişatı zamanı heç kimin edə bilmədiyi riski etməklə "Fəryad"ı yaratdı. Hadisələri öz gözləri ilə görmüş insanları da filmin çəkilişinə cəlb edib. Doğrudan da, qaçqınlarımız filmin çəkilişində iştirak ediblər. Onlar çox böyük həvəslə yaradıcı qrupa kömək ediblər. Çünki yaşadıqları tarix filmdə bir daha təkrar olunaraq, gələcək nəsil üçün lentə alınırdı. Bunu bacaran Ceyhun Mirzəyev təəssüf ki, bizi vaxtsız tərk etdi. "Fəryad" əslində Ceyhun Mirzəyevin haqsızlıqlara qarşı olan fəryadı idi. O, ehtiyat edirdi ki, bütün fikrini rejissor işinə yönəltsə, İsmayıl obraz kimi zəif alına bilər və yaxud əksinə, olardısa filmin rejissor işi yararsız alınardı.
   Filmdə görünən hər xırda detal belə rejissor tərəfindən yüz ölçülüb bir biçildikdən sonra lentə köçürülüb. Rejissor filmdəki erməni obrazlarına çəkəcəyi aktyorların hərtərəfli yoxlanması üçün çox dəqiqliklə seçim aparmış və göründüyü kimi, istədiyi nəticəni əldə edib. Məlik Dadaşovun yaratdığı erməni Xaçaturyan obrazı o qədər inandırıcı çıxıb ki, premyera günü belə bir hadisə baş verib. Filmin ilk nümayişi Respublika sarayında keçirilir. Filmdə Xaçaturyan İsmayıla işgəncə verir və qəflətən onun yaralı ayağını sıxır. Bu kadr zamanı Məlik Dadaşovdan azca kənarda oturmuş bir qadın sərt söyüş söyür. Çoxları həmin anda Məlik Dadaşovun üzünə baxaraq onun reaksiyası ilə maraqlanır. Ancaq o, heç bir reaksiya vermədən filmi seyr etməkdə davam edir.
   Maraqlı idi ki, mərhum aktyor eyni situasiya ilə "Axırıncı aşırım" filmində yaratdığı Qəmlo obrazına görə də qarşılaşıb. Ancaq Qəmlo özümüzünkü idi... "Fəryad"da yaratdığı Xaçaturyan obrazına görə Məlik Dadaşov bir gün küçədə polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb və sənədləri yoxlanılıb. Aktyor heç vaxt belə hallardan incimirdi.
   Filmdə İsmayılın başına gələn hadisələrə biganə qalmaq mümkün deyil. İsmayılın həbsxanada döyülmə səhnəsinin daha canlı alınması üçün rejissor aktyor yoldaşlarından xahiş edib ki, onu doğrudan döysünlər. Nəinki filmdə, hətta o vaxt Azərbaycanda haqsız olaraq cərəyan edən hadisələr Ceyhun Mirzəyevin səhhətinə pis təsir göstərirdi. O, baş verən haqsızlıqlarla barışa bilmirdi. Ona görə də filmdə çəkilən hər bir kadrın ağrı-acısını sözün həqiqi mənasında yaşayırdı. Bu ağrı-acıları yaşamağın nəticəsi idi ki, Ceyhun Mirzəyev filmin montajından çıxıb evinə gedərkən ürək ağrıları başladı. Heç beş dəqiqə çəkməmiş ölümün ağuşuna atıldı.
   Filmdəki ölüm səhnələrinin inandırıcı alınmasında peşəkar rejissor işi ilə yanaşı, güclü operator işi də var. Bu baxımdan operator Kənan Məmmədovun iş üslubu təqdirəlayiqdir. Ceyhun Mirzəyev "Fəryad" filminin çəkilişi ilə sanki ölümünü tezləşdirib. Ceyhun "Fəryad" filmini həyatı bahasına çəkib.
   Filmin nümayişi böyük səs-küyə səbəb olmuşdu. Ən azından ona görə ki, hadisələrin içində ola-ola belə bir film yaratmaq o qədər də asan deyildi. Ancaq Ceyhun Mirzəyev belə bir filmi yaratdı. Əslində o, "Fəryad"la özünə abidə ucaltdı. Son olaraq onu da qeyd edək ki, "Fəryad" filmi ən yaxşı rejissor işinə görə Azərbaycan Milli Mükafatlar Komitəsinin qərarı ilə H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür.    

   İ. Hacılı