Qadın azadlığı! Bu məfhumun yaranmasından neçə illər keçdiyini dəqiq təyin etmək çətindir. Ancaq beynəlxalq aləmdə qadın azadlığının ötən əsrin 14-cü ilindən və 8 Mart günündən rəsmiləşdiyi məlumdur. Əksər filosofların fikrincə, qadın çox sirli bir məxluqdur. Eyni zamanda qadın anadır. Şərq kişisinin qiyməti mövqeyindən və bacarığından asılı olmayaraq daha çox qadınına görə verilib. Yəni qadını əsl qadın olmayan kişi, el dili ilə desək, başıpapaqlı sayılmayıb.
   
   Bəs görəsən, bir çox özəl cəhətlərinə görə nəinki Avropa, hətta Şərq qadınından seçilən, spesifik psixologiyası, bənzərsiz ömür yolu olan Azərbaycan qadını filmlərimizdə necə əks olunub? Filmlərimizdə yalançı, partiyaya, işlədiyi kolxoza sədaqətli qadın obrazları üstünlük təşkil edir. Neyləyək ki, bu bizim tariximiz və kinomuzun keçdiyi yoldur. Odur ki, bu, gün belə obrazlara gülə də bilərik, lağ da edə bilərik, amma kino tariximizdən silib ata bilmərik. Təkcə ideoloji məsələdə deyil, ayrı-ayrı əsərlərdə də yalançı, uydurma Azərbaycan qadını var.
  
   Əksər filmlərimizdə qadın sadəcə kişinin kölgəsidir
  
   Azərbaycan kinematoqrafiyasında qadınlar daha çox ikinci plana layiq görülüblər və qalıblar ssenaristin insafına. Milli kinomuzun qadın obrazları deyəndə ilk növbədə yada Cəbiş müəllimin arvadı, diribaş Şəfiqə düşür. Düzdür, Cəbiş müəllimin Şəfiqəsi təmiz azərbaycanlı deyil, italyan neorealist Anna Manyaninin təsiri altında onda həm italyan, həm də azəri xarakteri var. Amma burada da rejissor və aktrisa ustalıq göstəriblər. Şəfiqə obrazını, həyatı məişətlə vuruşda keçən (o ki qala bu vuruş müharibə illərinə təsadüf etmiş ola), həm ərinin, həm özünün yerinə işləyən «ancaq ailəm və bir də ailəm!» ideyasını özü üçün ideologiyaya çevirən Azərbaycan qadını kimi «tərbiyə ediblər».
   Filmlərimizdə qadınlar müstəqil deyil və kişi qəhrəmanın müsbət keyfiyyətlərini qabartmaq üçündür. Qadın sadəcə ailənin bir üzvüdür, kişinin arvadı. Qəhrəman cavan oğlandırsa, onu sevən bir qız olmalıdır. Sanki filmin müəllifləri qeyri-şüuri qatda yaratdıqlarının səthi olduğunu bilirlər, onu belə priyomlarla canlandırmağa, dərinləşdirməyə çalışırlar. Nümunə: «Uzun ömrün akkordları» filmi. Filmdə dahi bəstəkarın həyat yoldaşı Məleykə Terequlovaya müəllif tamam epizodik və hətta əhəmiyyətsiz yer ayırıb. Filmin bir-iki yerində bəstəkarın qoluna girmiş halda peyda olan Məleykə xanım gözəl kuklaya bənzəyir. İstedadlı aktrisamız, xarakterik rollar ifaçısı Həmidə Ömərova bu obrazda tamamilə fəaliyyətsizdir. «Bəyin oğurlanması» filmində öz çəkingənliyi, bütün dünyadan gizlətdiyi sirri, kədərli gözləri ilə Həsənin anası (Lətifə Əliyeva) daha maraqlı, yaddaqalan qadındır, nəinki Məleykə xanım Terequlova...
   Kişi rejissorların düşüncəsindəki, təsəvvüründəki qadının sxematik şəklini Vaqif Mustafayev «Yoxlama» serialında, «Yerlə göy arasında», «Fransız» filmlərində çəkib: gəlinlik paltarında toyunu gözləyən Səidə Quliyevanın qəhrəmanları hələ toydan sonra yaşamağa hazırlaşır. Artıq ailə-uşaq, ər «sahibi olan», arzusuna çatmış Nuriyyə Əhmədovanın qəhrəmanları ərini ancaq əri olduğu üçün qısqanan, qadınlığı ekstremal situasiyalarda yadına düşən, ehtirası, hissləri çox dərinə gömülmüş, övlad böyütməklə məşğul olan qadınlardır. Onlar həyat yoldaşlarını, övladlarını başa düşməyə nəinki cəhd etmirlər, əksinə bu məsələlərlə heç maraqlanmırlar. Onlara lazım olan sadəcə ər, övladdır, o da var.
  
   Yalnız «Tütək səsi»ndə «tamaşaçıların etirazı nəzərə alınmadan» Sayalının hüququ ona verilir
  
   Filmlərimizdə bəzən epizodik, heç kəsin diqqətini çəkməyən elə qadın obrazları vardır ki, adi bir jesti, adi bir sözü, adi bir hərəkəti ilə milli qadın psixologiyasının açılmasına nail olur, adamı heyrətə salır. «Tütək səsi» filmində İsfəndiyar kişinin gəlinini xatırlayın. Əsərdən fərqli olaraq filmdə bu obrazın o qədər də ciddi mövqeyi yoxdur. Ancaq onun kolxoz sədri, cəbhədə ölən «dostunun arvadına göz dikən» Cəbrayıla dediyi sözlər tamaşaçının iç dünyasını alt-üst edir. Məlum olduğu kimi, Cəbrayıl dostunun arvadı Sayalını da götürüb ağsaqqal İsfəndiyarın evinə gəlir ki, evlənmələri üçün onlara kömək etsin, kənd camaatını yola gətirsin. Bu zaman İsfəndiyarın əri cəbhəyə getmiş gəlini çıxır və onları qapıdan qovur. Sədr bu pisliyi unutmur və məqamı gələn kimi vəzifəsindən istifadə edib öz heyfini çıxır. İsfəndiyarın gəlini:
   - Qisas alırsan! Binamus köpəkoğlu! Qızıl əsgər ailəsinə göz dikib, balalarını düzlərə salan qudurğan!
   Müharibə dövrünün Azərbaycan kəndi. Dəqiq bir mənzərə. Qəribədir ki, Sayalı da olduqca milli koloritli bir obrazdır. Onun ölmüş ərindən sonra istədiyi bir insanla evlənmək hüququ var. Ancaq istənilən bir toplumun, bir cəmiyyətin yazılmamış qanunları da olur ki, çox vaxt bu qanunlar qırmızı papaqlı məmurlar tərəfindən qorunan qanunlardan daha güclü, daha qiymətli olur.
  
   Azərbaycan filmlərində qadın azadlığı problemi, adətən, İslama, şəriətə qarşı qoyulur
  
   Məşhur «O olmasın, bu olsun» filmi bu sözlərlə başlayır: «Bütün Şərqdə olduğu kimi, bu şəhərdə də qadının heç bir hüququ yox idi...» Təbii ki, şəriətin xurafat tərəfinin gətirdiyi bəlalar kontekstində filmin müəllifləri ilə razılaşmaq olar. Rüstəm bəy də həmin «xurafat şəraitində» öz əməllərini həyata keçirmək üçün əlverişli imkan tapa bilir. Belə demək mümkünsə, qızını satır! Ancaq unutmaq olmaz ki, bu, həm də xarakterdir. Filmdə qulluqçu Sənəm obrazı da kifayət qədər faciəlidir. Rüstəm bəyin həyat yoldaşı yoxdur. Hər ikisi - Rüstəm bəy və Sənəm duldur. Ancaq Rüstəm bəy Sənəmlə ailə həyatı qura bilmir. Ona görə ki, feodalizmdə siniflər arasındakı sədd buna imkan vermir. Bu sədd və qadın mövzusu «Arşın mal alan» filmində daha da dərindən işlənib. Xatırlayın: «O, qızını arşınmalçı Əsgərə verməz, tacir Əsgərə verər». Halbuki, Gülçöhrə tacir Əsgəri sevir. Bəs bu oyun nə üstündə qurulur; qızı görmək üçün! Bir oyun sonda 4 nəfərin izdivacına gətirib çıxarır. Qəribədir ki, hər kəs (Əsgər, Süleyman, Sultan bəy və nökər Vəli) ilk gördükləri qadınlara (Gülçöhrə, Asya, Xala və Telli) vurulurlar. Bununla filmdə komik situasiya yaranır. Necə deyərlər, başqa bir qadını açıq-saçıq, çadrasız görmək mümkündür ki, seçim edəsən?!
  
   İdeologiyanın güclü dövrlərində filmlərimizdə yalançı obrazlar peyda olur
  
   Ancaq bu obrazlarda da Azərbaycan qadınına məxsus bəzi cizgilərə rast gəlmək mümkündür. «Almaz», «Görüş», «Ulduz» bu tip filmlərdəndir. «Almaz»da yeni düşüncəli azad qadının üzləşdiyi problemlər qabardılır. Sadəcə, o dövrdə, hətta indi də, istənilən Azərbaycan kəndində atası məlum olmayan uşağa «mənimdir» söyləmək təbii etiraz doğuracaqdır. Böyük mütəfəkkir C.Cabbarlının əsəri əsasında çəkilən bu filmdə incə bir fənd işlətmək lazım idi: birmənalı şəkildə Almazın tərəfində dayanmamaq! Yəni bəzi qənaətləri tamaşaçının ixtiyarına buraxmaq. Ancaq müəlliflər Almazı hamıdan ağıllı hesab edir, kənddəki əksər şəxsləri savadsız, dünyagörüşsüz, hətta normal əxlaqa malik olmayan insanlar kimi təqdim edirlər.
   «Görüş» isə başdan-başa ideoloji dəyər üzərində qurulub. Burada artıq qadın azadlığı problemi «partiyanın uğurlu siyasəti nəticəsində həll olunmuş», qadınlar ictimai fəaliyyətə elliklə cəlb edilmişlər. Hətta kişiləri düz yola gətirmək (Lalə-Kamil, Bilqeyis-Şıxəli və s.) kimi böyük bir işin öhdəsindən də müvəffəqiyyətlə gəlirlər. Ona görə beşillik plan artıqlaması ilə dolur, Özbəkistan-Azərbaycan pambıqçıları elə tarladaca sevişirlər.
   «Ulduz»da da artıq qadınla bağlı heç bir problem qalmamışdır. O, böyük güc sahibidir və sonda hamıya qalib gəlir.
   «Böyük dayaq» filmində hadisələr nisbətən dramatikdir. Ancaq burada da Mayanın kənddə özünü «azad sovet qadını» kimi aparması tamaşçıda ən yaxşı halda ikrah doğurur. Təsəvvür edə bilmirəm ki, hansısa kəndə gəlin gələn gözəl bir xanım kolxozun mühasibinin atının tərkinə minib yaylağa qalxsın. Mayanın azadlığında bir şitlik, bir sünilik var. Adam inanmaq istəyir ki, partiyanın xüsusi tapşırığı ilə belə bir qadın obrazı yaradılıb.
   Təbii ki, istisnalar da var. Məsələn «Təhminə»də Təhminə, «Sahilsiz gecə»də Zibeydə kimi. Amma bu personajlar da həyatlarına tamaşaçı qarşısında bəraət qazandırmağa, özlərini müdafiə etməyə çalışırlar. Sanki «Bizə yazığınız gəlsin. Biz belə yaşadığımız üçün təəssüf edirik, amma əlimizdən heç nə gəlmir» - deyə qışqırırlar, təhtəlşüurda günahkar olduqlarını etiraf edirlər və özlərini cəzalandırırlar.
   Bəzi filmlərimizdə isə sevgi azadlığı faciə ilə sonuclanır («Təhminə», «Ölsəm, bağışla»). Ancaq qadınların əzilməsini, fiziki və mənəvi şəkildə məhv edilməsini əks etirən filmlərimiz daha inandırıcıdır. Ona görə ki, bu filmlərdə hər şey olduğu kimidir, hər hərəkətimizdə səmimiyik. Bu qəbildən «Qaraca qız» (Tutu), «Yeddi oğul istərəm» (Humay), «Bir cənub şəhərində» (Muradın bacısı), «Ölsəm, bağışla» (Gülya), «Dəli Kür» (Mələk, Şahnigar), «Nəsimi» (Fatimə, Şəms), «Otel otağı» (Kərimin qadını və qızı) və s. filmləri göstərmək olar.
  
   İ.Hacılı