Türkiyədə yeni “Yaşılcam mükafatları” təqdim olundu
  
   Martın 3-də Türkiyədə yeni “Yaşılcam mükafatlari” milli filmlər mükafatının təqdimetmə mərasimi keçirildi. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Kino və Audiovizual Sənət Vəqfinin təşkilatçılığı ilə keçirilən yarışmaya 2008-ci ildə Türkiyə kinoteatrlarında nümayiş etdirilən 47 türk filmi 11 kateqoriyada qatılıb.  

  «Ən yaxşi film» mükafatına “Üç meymun”, “Payız”, “İzsiz adam”, “Devrim maşınları” və “Aroq” filmləri arasından “Üç meymun” seçilib.
   «Ən yaxşi rejissor» mükafatı uğrunda Nuri Bilge Ceylan (“Üç meymun”), Özcan Alper (“Payız”), Çağan İrmak (“İssiz adam”), Tolqa Örnek (“Devrim maşınları”) və Cem Yılmaz ilə Ali Taner Baltacı (“Aroq”) namizəd göstərilmişdi. Qalib isə Nuri Bilge Ceylan olub.
  
   İlin ən yaxşı aktyoru
  
   Bu nominasiyada münsiflər Onur Saylak (“Payız”), Yavuz Bingöl (“Üç meymun”), Cem Yılmaz (“Aroq”), Çetin Tekindor (“Çapar”) və Taner Birsel (“Devrim maşınları”) kimi tanınmış aktyorlar arasından ilin ən yaxşı aktyorunu təyin etməyə çalışıblar. Nominasiyanın qalibi isə Onur Saylak seçilib.
   Türkiyə mətbuatında müəyyən müzakirələr getsə də, «Ən yaxşı aktrisa» nominasiyasında onun qalib gələcəyini təxmin edənlər daha çox idi. Bu nominasiyada aktrisanın rəqibləri Nurgül Yeşilçay (“Vicdan”), Demet Akbağ (“Q... uşaqları”), Ayça Damqacı (“Getmək”) və Melis Birkan (“İzsiz adam”) idi. Beləliklə, Türkiyə kinosunun 2008-ci il qadın aktrisası adını Hatice Aslan “Üç meymun” filmindəki rolu ilə qazandı.
  
   Ən yaxşı ssenarini kim yazıb?
  
   «Ən yaxşı ssenari» nominasiyasında Özcan Alper (“Payız”), Çağan İrmak (“İzsiz adam”), Ebru Ceylan, Ercan Kesal və Nuri Bilge Ceylan (“Üç meymun”), Tolqa Örnek və Murat Dişli (“Devrim maşınları”), Sırrı Süreyya Önder (“Q... uşaqları”) namizəd göstərilib. Üstünlük isə gözlənildiyi kimi, “Üç meymun” filminə verilib.
   Qaliblərə “Yaşılcam» heykəlciyi təqdim olunub. Bundan əlavə “Ən yaxşı film” mükafatının qalibinə - “Üç meymun”a 150 min, "Türkcell ilk film ödülü”nün sahibinə - “Payız” ekran əsərinə isə 30 min türk lirəsi verilib.
   Qeyd edək ki, keçən il ilk “Yaşılcam mükafatları”nda Abdullah Oğuzun “Xoşbəxtlik” filmi «Ən yaxşı film», Fatih Akın isə “Həyatın kənarında” filmi ilə «Ən yaxşı rejissor» seçilmişdi.
   Maraqlıdır ki, “Üç meymun”un ən yaxşı film, ssenari, rejissor daxil olmaqla 6 mükafat aldığı gecədə “Türkcell ilk film ödülü”nü “Payız” əldə etdi.
  
   F.Cabir