O, Qarabağ haqqında necə film çəkməyi öyrətdi
  
   «Ögey ana», «Dəli Kür», «Yenilməz batalyon» və s. O, filmlərində məşhur aktyorlarla birgə çəkilib, ancaq heç vaxt onların kölgəsində qalmayıb. Həmişə çılğın uşaq, çılğın gənc obrazını yaradan aktyor sonralar çəkdiyi filmlərdə də çılğın azərbaycanlı obrazlarını göstərməyə çalışdı. O, özündən sonra gələn rejissorlarımıza Qarabağ haqqında necə film çəkməyi öyrətdi. «Fəryad» onun çəkdiyi, ancaq görə bilmədiyi film oldu.
   Aprelin 4-də tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin 62 yaşı tamam olur. Ceyhun Qarabağın Abdal Gülablı kəndində dünyaya göz açıb. Atası Cəmil kişi briqada komandirliyindən general rütbəsinə qədər yüksəlib. Ancaq repressiya qurbanı olub. Əmiləri Murtuz Quliyev Azərbaycan Respublikasının Hərbi Komissarı, Seymur Mirzəyevsə Moskva teatrında dirijor işləyib.
   Aktyor Rza Təhmasibin tələbəsi olub. Deyilənlərə görə, «Ögey ana» filmindən qabaq Ceyhun artıq 3 filmə çəkilmişdi. Onun həyatının bir hissəsi də «Mozalan»la bağlı idi. Ceyhun hər kəsi istedadı ilə valeh edirdi.
   O, başqa filmlərdə çəkilməsəydi belə, bircə «Ögey ana» filmindəki İsmayıl rolu ilə Azərbaycan xalqının qəlbində özünə əbədi yer tutacaqdı. Məhz bu rola görə, bir çox gənclər İncəsənət Universitetinə üz tutub və kino sahəsinə gəlib. Hər kəsin sevimlisinə çevrilmək çoxlarına nəsib olmur. Ancaq bu xoşbəxtlik Ceyhun Mirzəyevə qismət olmuşdu. O, uşaqlıqdan bircə rolu ilə özünü xalqa sevdirə bildi. Onun filmlərindən parçalara baxanda istər-istəməz xatirələrə dalırsan.
   «Fəryad»ı Azərbaycanda kinonun ciddi böhran keçirdiyi bir vaxtda çəkdi. Bu filmə görə çox böyük çətinliklərlə qarşılaşdı. Amma nə qədər kədərlənsə də, gözləri həmişə gülürdü.    

   Aytək