Avropalı rejissor
  
   Cim Carmuş amerikalı rejissor və ssenaristdir. Onun əcdadları Çexiya, Fransa, Almaniya və İrlandiyadan gəlmiş mühacirlərdir. Cim ali təhsilini Nyu-York Universitetinin kino fakültəsində alsa da, əsas sənət təcrübəsini Paris sinematekasında, Nikolas Rey və Vim Vendersin filmlərində assistent kimi işləyərkən qazanıb.
  
   Yaradıcı fəaliyyətinə anderqraund rejissor kimi başlayan Carmuş böyük kinematoqrafiyaya daxil olanda bəzi həmkarlarından fərqli olaraq müstəqilliyini itirmədi.
   Carmuşu Hollivudun ideal amerikalı obrazına bənzəməyən qəribə adamların yaşadığı əyalətin şairi də adlandırmaq mümkündür. O, Amerikanı sanki kənardan müşahidə edir, ona rentgen şüaları altında baxır. Əksər hallarda rejissorun qəhrəmanları əcnəbilər - macarlar, finlər, italyanlar, yaponlardır. Onun üslubunda caz improvizasiyalarının əlamətləri var - ağ-qara filmlər nəfis minimalizm, uzun və ləng epizodların sanki bir-birinə ilişməsi şəklində qurulub. Əhvalatlar elə bil ki, kortəbii şəkildə baş verir, ala-yarımçıq reallığın arxasından isə hansısa irreal, mistik aləm görünür. Elə bu səbəbdən Cim Carmuş vətəni Amerikadan daha çox Avropada məşhurdur. Orada onun heç bir işi diqqətdən kənarda qalmır.
   Rejissorun ilk işlərindən olan «Qanunboyunca üzüaşağı» (1986) filmi ironik və tragikomik pritçadır. Nyu-York «Yeni dalğa»sının 33 yaşlı nümayəndəsinin bu filmi Carmuşun özünəməxsus stili olduğunu bir daha təsdiqlədi. Carmuş öz üslubunu istehza ilə «Odzunun pərəstişkarı olan mərkəzi avropalı rejissorun xəyali üslubu» adlandırır. Bu sözlərlə Carmuş onun yaradıcılığına nəzərəçarpacaq təsir etmiş, rejissor Vim Vendersə işarə edir. Çünki Carmuş da karyerasına Venders kimi fransız «Yeni dalğa»sına, Antonioni və Odzuya sevgisini Hollivudun absurd komediyalarına, «B» kateqoriyalı macəra-qanqster filmlərinə marağı ilə uzlaşdıra-uzlaşdıra başlamışdı. Nəhayət, filmlərinin belə maraqlı alınmasında Cim Carmuşun musiqiyə - əsasən caza, blyuzlara, müasir musiqiçilərin avanqard sintezlərinə meyli olması da mühüm rol oynamışdı.
   Üç hissəyə bölünmüş filmdə (həbsxanaya qədərki hadisələr, kamerada baş verənlər və qaçışdan sonrakı hadisələr) rejissor personajların yolunu sanki «qanunboyunca üzüaşağı» izləyir. Onlar get-gedə sivilizasiyadan daha çox uzaqlaşaraq əsl «qanundankənar yalquzaqlara» çevrilirlər və bütün çərçivələrdən azad olurlar. Hərçənd ki, onlar zahirən Amerikanın yollarında səyahət edən kimsəsiz avaranı xatırladırlar, lakin əslində hər biri özünü tapır. Təbii ki, bu film bir azca «yol kinosuna» parodiyadır, ancaq rejissor üçün daha vacibi absurd, komik yolla da olsa, müasir Amerika şüurunun dərin realistik və fəlsəfi qatını göstərməkdir.
   Yaponiyalı Yasudziro Odzunun sadə məişət pritçalarının dərkedilməzliyi qəribə şəkildə Carmuşun danışdığı əhvalatlardakı qəhrəmanların ləng və ya əksinə, coşqun hərəkətlərində özünü büruzə verir. Onlar qeyri-şüuri də olsa, «hamı üçün olan cənnətin» yabançılığını hiss edirlər, ondan daha da uzaqlara, daha doğrusu, aşağılara qaçırlar. Dibdəki anonim həyatda və ya uçurumun kənarı ilə fəza səyahətlərində yaşamlarının həqiqi mənasını tapırlar. Cəhənnəmə enmək cənnət adlı qeyri-müəyyən yerdə yaşamaqdan daha yaxşıdır.
   Carmuşun hələ debüt filmi olan «Əbədi məzuniyyət»də (1980) araşdırmağa başladığı mövzu, «Cənnətə yabançı» (1984) və tənqidçilərin fikrincə, az qala irreal dünyada özünə yer tapa bilməyən insanlar haqqındakı əhvalatların ən acı və sərt versiyası olan «Sirli qatar» (1989) filmində də inkişaf etdirildi.
   Cim Carmuşun ən maraqlı filmlərindən biri də «Ölü» adlanır. Bu film yalnız Amerika prokatında müvəffəqiyyətsizliyə uğramadı, Kannda da soyuq qarşılanmışdı. Bununla belə «Ölü adam» filmi nəinki 90-cı illərin ən yaxşı filmlərindən biridir, həm də sonu görünməyən gecələrin filmidir. Bədbəxtlik ondadır ki, bu film az-az nümayiş olunan klassika kateqoriyasına daxil edilib. Baş rolu Conni Deppin oynaması da onu bu taledən xilas etməyib. Məhz, buna görə də bu film ən azından Billi Bleykin, doğrudan da, Uilyam Bleykin reinkarnasiyası olub-olmaması haqqında qızğın mübahisələrə səbəb olmadı. Nə yaxşı ki, belə alındı. Bu tip mübahisələr filmə sakit baxmağa və bu qədər ciddi filmlə 90-cı illərin kütləvi açıq-saçıq və qanlı filmləri arasında necə oxşarlıq olduğunu anlamağa mane olardı. Məsələ nə qara yumordadır (insan əlini nəzərdən keçirən Lans Xendriksen, Bleykdən şeir deyə-deyə şerifi öldürən Conni Depp), nə də postmodernist sitatlarda («Anadangəlmə qatillər», «Xaç atası», «Başda güllə», hətta Bleykin «Cəhənnəm pritçaları»na da müraciətlər tapmaq mümkündür bu filmdə). Məsələ ondadır ki, son onilliyin bir çox böyük rejissorları kimi Carmuş da janrla işləyir. Bu mənada «Ölü» Rodriqesin «Musiqiçi» filminə oxşayır. Lakin Rodriqesdən fərqli olaraq, Carmuş süjetin kökünü çılpaqlaşdırır - rituala görə əvvəlcədən üzünə mərasim rəngləri çəkmiş hindu şamanı təkbaşına meşədə qoyur. Bleyk qəflətən, məhz, vesternə xas olaraq, odlu silahdan məharətlə istifadə edərək sınaqdan yaxşı çıxır.
   Carmuş üçün filmin adının ən azından üç anlamı var: qəhrəman ölüdür, çünki kiçik Dikinsonun gülləsi onu öldürüb. O ölüdür, çünki əbədi yaşamaq üçün ölmək və yenidən dirilmək lazımdır. Və nəhayət, o ölüdür, çünki hamını eyni sonluq gözləyir: əvvəl-axır hamı öləcək və nə qədər ki, qəhrəman sağdır xoşbəxt final mümkün deyil.
  
   Hazırladı: İntiqam







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar