“Rəcəp İvedik-2” rekordları təzələdi
  
   Bəs bizdə vəziyyət necədir? 
   
   Əcəba, son illərin ən ünlü komediya filminin mövzusu nədir? Türk tamaşaçısını vəcdə gətirən və Azərbaycanda da geniş tamaşaçı auditoriyası qazanmaqda olan “Rəcəp İvedik” filminin bu qədər sevilməsinə, eyni zamanda bəzi sənət biliciləri tərəfindən kəskin şəkildə tənqid olunmasına, bir sözlə sinema gündəmini əməlli-başlı məşğul etməsinə səbəb nədir?
  

   Suallara cavab axtarmaq bir çox həqiqətlərin ortaya çıxmasına, eyni zamanda Azərbaycanda son illər çəkilən komik filmlərin mövzu və sənətkarlıq problemlərinə aydınlıq gətirilməsinə yardımçı ola bilər. Elə isə, başlayaq...
   Rəcəp İvedik, filmin rejissorunun dili ilə desək, sərt qayalardan qopub şəhərin mərkəzinə yumbalanan və qarşısına çıxan hər bir nəsnəyə elə bu sərt qaya kimi çırpılan xəyali bir obrazdır. Əslində bu obraz əvvəlcə Şahan Gökbakarın şou qəhrəmanı olub. Şou proqramlarda özünü doğruldan, tamaşaçı diqqətini çəkən qəhrəmanı sonralar Şahan bəy bəyaz pərdəyə daşımaq fikrinə düşüb və nəticələr göstərir ki, təşəbbüsündə yanılmayıb.
   Türkiyə teleməkanında belə bir ənənə formalaşıb: istedadlı model və ya pop-star yarışmaçısı az keçməmiş serial qəhrəmanına, daha sonra ciddi filmlərin ünlü oyunçularına çevrilir. Türk teleserialları maraqlı mövzuları və hamının başa düşəcəyi şəkildə lentə alınması ilə təkcə çoxsaylı oxucu ovuna çıxmır, həm də potensialı olan aktyor və aktrisaların təcrübə meydanına çevrilir.
   Ancaq Rəcəpin “ekran taleyi” bir az fərqlidir. İlk vaxtlar bu köntöy, hərəkətini və danışığını bilməyən “ayı”nın ciddi kinoda uğurla qarşılanacağına heç kəs inanmırdı. Həm Türkiyə, həm də dünya kinosunda yüksək peşəkarlıqla çəkilən komediya filmlərini artıq əzbərləmiş tamaşaçını hansısa obraz öz qabalığı ilə necə məftun edə bilərdi?! Bu ağılasığmaz idi. Ancaq Şahan bəy bu ağılasığmazlığı gerçəyə çevirməyi, Rəcəp İvedikə minlərlə uğurlu film qəhrəmanı arasında həyat vəsiqəsi verməyi bacardı.
   Təsadüfi deyil ki, kinoteatrlara o qədər də bağlı olmayan türk tamaşaçısını barmaqla sayılası komediya ustaları ilə bahəm böyük ekran qarşısına cəlb edənlərdən biri də Şahan Gökbakar oldu. Hətta ikinci filmdə - “Rəcəp İvedik-2”nin premyerasında o qədər qələbəlik idi ki, ən məşhur səhnə ulduzları belə zala daxil ola bilmədilər. Öz sevgilisi ilə kinoteatrın foyesinə təşrif gətirən Rəcəp İvedik isə qarşısında yüzə qədər kamera görürkən şaşqınlıqdan özünü itirdi və uzun, yoğun qollarını göyə açaraq sevindiyindən bağırdı.
   İkinci film də gözlənilən nəticəni vermişdi. Bu barədə filmin dağ cüssəli müəllifinin maraqlı bir açıqlaması da oldu: “Mənimlə o qədər foto çəkdirdilər ki, uzun bir növbə yarandı və mən sadəcə, qolumun birini açıb havada saxlamışdım. Onlarla insan bir-bir gəlib yanımda dayanır və fotoaparatın çaqqıltısından sonra təşəkkür eləmədən tələsik çıxıb gedirdi”.
  
   Rəcəpin sirri
  
   Əlbəttə, yalnız vulqar hərəkətlərdən ibarət olan və klounluqla tamaşaçını güldürməyə yönələn istənilən əsəri komik əsər saymaq olmaz. Komediya, nə qədər şablon da olsa, təkrarlamalıyıq ki, mənalı gülüşdür. Hətta bir az dərinə gedərək əlavə etmək yerinə düşərdi: komediya ağrıdan doğan gülüşdür. Bu mənada “Rəcəp İvedik” filminin (birinci film) açarı sayıla bilən bir məqama diqqət çəkmək istərdim. Təsadüfən öz uşaqlıq sevgilisini (Sibel) Antalyanın ən bahalı hotellərindən birində görən Rəcəp onunla yaxınlaşmağa başlayır. Sevgilisi böyüyüb qabalaşan, tüklənib ayıya bənzəyən, ancaq uşaqlıq sadəlövhlüyünü, uşaqlıq saflığını öz kobud vücudunda qoruyub saxlayan arkadaşını tanımır. Əslində bu, Rəcəpə lazım da deyil. O, eləcə Sibelə yaxın olmaq, onunla söhbət etmək istəyir. Rəcəp o qədər açıq könüllüdür ki, qızın onu sevə biləcəyini ağlına belə gətirmir və onun üçün Antalyanın ən böyük hotellərini alt-üst etməyə, dənizlərin qəhrəmanına çevrilməyə hazırdır.
   Filmin finalına doğru Sibeli kədərli görən qəhrəmanımız gəlib onun yanında əyləşir və kefini açmaq üçün ilk baxışdan olduqca bayağı görünən bir lətifə danışır. Həm də çox tələsik danışır bu lətifəni. Odur ki, lətifə bitən kimi bu adamın tövrünə, danışıq üsuluna gülməyə bilmirsən. Ancaq lətifənin mənasını anlayandan və bu lətifənin elə Rəcəpin özünə aid olduğuna, onun taleyinə güzgü tutduğuna əmin olandan sonra içini qəribə bir nisgil bürüyür.
   Lətifə belədir:
   Bir gün bir adam həkimə gəlib deyir ki, yaman kədərliyəm, ürəyim partlayır, mənə bir əlac elə. Həkim deyir ki, bu yaxınlarda bir kloun yaşayır, o, istənilən dərdli adamın kefini açıb stressdən çıxarmağı bacarır, sizin kimi xəstələri həmişə onun yanına göndərirəm.
   Adam cavab verir:
   - Həmin kloun mənəm...   

    Rəcəp İvedik və Don Kixot
  
   Hər cür müqayisə qüsurlu olsa da, bu yerdə istedadlı rejissorumuz Ramiz Əzizbəylini yada salmaq istərdim. Bir dəfə qəzetlərin birində müxbir Ramiz müəllimə söyləmişdi ki, hamı “Bəxt üzüyü” filminə baxanda gülür, mən ağlayıram. Ramiz müəllim cavab vermişdi: “Siz məni başa düşmüsünüz...”
   Həmin müxbirin məsələsi olmasın, peşəkar ədəbiyyat adamları ilə söhbətimdə həmişə onların Don Kixotu kədərlə xatırladıqlarının şahidi olmuşam. Əcəba, bu kədərin sirri nədədir?! Don Kixot arxasınca böyük bir sual qoyub gedib. Təfəkkürü olan oxucu düşünür - zamanın labüd inkişaf tempinin komik vəziyyətə saldığı cəngavər Don Kixot daha qiymətlidir, yoxsa onu köhnəliyindən, sadədilliyindən istifadə edib ələ salan ətrafı?
   Dünyanın bir çox gülüş filmləri kimi “Rəcəp İvedik”də də əsrlərin sınağından çıxmış bu təcrübədən istifadə olunur. Tamaşaçı Rəcəpi onun ətrafındakı insanlarla müqayisə edir. Hamı uduzur bu köntöy qaya parçasına... Ən sonda Ramiz Əzizbəyliyə sual verən müxbir kimi bir adam tapılır - bu, Rəcəpin qaldığı hotelin xidmətçisidir... Filmdə Rəcəpi yalnız o başa düşür. Tamaşaçı isə qəhrəmanın içindəki təmizlikdən xəbərsiz qalan, onun zahiri görkəminə aldanıb əsl mahiyyətini hiss etməyən insanların əvəzinə sinəsini qabağa verir və Rəcəpə sonsuz sevgi bəsləməkdən ləzzət duyur. Daha maraqlısı - bu saflığın, bu təbiiliyin, bu insaniliyin sivilizasiyanın atdöşü eləyib gətirdiyi dəyərlərə necə acımasızcasına uduzduğuna təəssüflənir.
   Təsadüfi deyil ki, ikinci filmin təqdimatında da tamaşaçılar qəhqəhə tufanı ilə yanaşı, göz yaşına boğulurlar.
  
   Bəs Azərbaycan?
  
   Bəli, gəlib çıxdıq oxun əyilən yerinə... Məlumat üçün bildirək ki, Şahan Gökbakar gəncdir, kinematoqrafçı deyil, şou aparıcısıdır. “Rəcəp İvedik” onun kino sahəsində ilk böyük layihəsidir. Buna baxmayaraq, eyni vaxtda bəyaz pərdəyə çıxdığı Cem Yılmaz kimi ünlü və peşəkar rejissorun “Aroq” filmi ilə sona qədər rəqabət apardı və aparmaqda davam edir. Türk tamaşaçılarının həvəslə izlədiyi bu “döyüşü” uduzmamaq üçün Cem Yılmaz bir neçə dəfə biletlərin qiymətini aşağı salmağa məcbur oldu. Son günlər isə Şahan bəy artıq “Rəcəp İvedik-2” filminin tamaşaçı sayının birinci filmi keçdiyini bəyan etdi. Rekordlar təzələndi. “Rəcəp İvedik” türk kino tarixində ən çox baxılan filmlərdən biridir.
   Bu yerdə istər-istəməz vətənpərvər tamaşaçıda bir sual yaranır - bəs nədən Azərbaycanda bu cür kommersiya filmləri çəkilmir? Niyə bizimkilər beş-altı cümləlik dialoqdan ibarət səhnəciklərdən (“Bu şəhərdə”, “KVN”, “Tək səbir” və s) uzağa gedə bilmirlər? Niyə elə həmin bu səhnəciklərdə uğur qazanan gənclər böyük layihələrdə (“Məhəllə”, “Qaz”, “Hərənin öz payı”, “İnterpapa” və s.) uğursuzluğa düçar olurlar? Bəlkə maraqlı ssenari yoxdur? Bəlkə səbəb bu sahədə püxtələşən rejissor kasadlığıdır... Bilmirəm. Bildiyim odur ki, kiçik səhnəciklərdən seriallara, daha maraqlı və inandırıcı kommersiya filmlərinə keçməyin vaxtı çoxdan çatıb. Bir sıra irili-xırdalı qüsurlarına rəğmən “Məşədi İbad-94” təcrübəsi var, ən azı.
   Əminəm ki, bu cür filmlər yüngülvari bir reklamdan sonra kinoteatra yetərincə tamaşaçı toplaya bilər.
   Necə olur ki, Azərbaycan tamaşaçısı kinoteatr ekranından videokamera ilə gizli lentə alınıb olduqca bərbad vəziyyətdə diskə köçürülən “Rəcəb İvedik-2” filminə pul verib alır, ancaq öz filmlərimizə baxmaq istəmir.
   Biz də gərək elə çəkək ki, baxsınlar!
  
   Şərif A.