Bugünlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında Qarabağ mövzusunda çəkilən “İtirilmiş həqiqət” iki hissəli bədii filmin təqdimatı keçirildi. Gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə yönələn filmin yaradıcıları tanınmış idmançılardır. Filmin prodüseri, ssenari müəllifi və rejissoru Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Federasiyasının prezidenti Tarverdi Allahverdiyevdir. İki ildən çox müddətdə ərsəyə gətirilmiş film Gənclər və İdman Nazirliyinin və Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo Növləri Federasiyasının birgə layihəsidir.
    Filmin çəkilişləri Bakıda və İsmayıllı rayonunda aparılıb. Filmin birinci hissəsi 1 saat 20, ikinci hissəsi isə 1 saat 5 dəqiqədir.
   Çəkilişlərə İdman və Gənclər, Mədəniyyət və Turizm, Müdafiə nazirlikləri yaxından dəstək verib.
   Gənclər və idman nazirinin müavini İntiqam Babayev filmdə yalnız idmançıların iştirak etdiyini qeyd etdi: “İndiyə kimi onlar dəfələrlə Azərbaycandan kənarda ölkəmizi yüksək səviyyədə təbliğ edib, bayrağımızı yüksəklərə qaldırıblar”.
   Vətənpərvərlik mövzusundakı filmdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı məqamlara toxunulub, ermənilərin əsir götürdükləri insanlara verdikləri işgəncələr əks olunub. Təqdimat mərasimində Gənclər və İdman, Mədəniyyət və Turizm, Daxili İşlər nazirliklərinin əməkdaşları, idman federasiyalarının prezidentləri, aktyorlar və idmançılar iştirak etdilər.

   Turan