Beynəlxalq kino aləmində kinoşünaslar qısametrajlı filmə mövzu və janra görə müxtəlif təriflər verirlər. Onların içində ən geniş yayılanı aşağıdakı izahatdır:
   Müəyyən bir süjetin və mövzunun müəlliflərin (rejissor -ssenarist) istedadı, texniki savadı və imkanları çərçivəsində ən çoxu yarım saat müddətində kinolentində və ya video vasitəsilə hərəkətli təsvirlərə çevrilməsidir.
   Bir qayda olaraq, qısametrajlı filmlər istər forma, istər məzmun baxımından yaradıcı fantaziyaya geniş şərait ayıran, müstəqil sənət əsərləridir. İstehsal müddətində yaradıcılarına təcrübə qazandıran, istehsalın sonunda isə tamaşaçılara vizual sənətin yeni imkanlarını açan əyani vəsaitlərdir. Sənətin bu növü günbəgün inkişaf edən texnologiyadan və yeniləşən kino dilindən istifadə etməklə bərabər, həm də kino sənayesinə yeni və istedadlı gənclərin gəlməsinə şərait yaradır.
   Qısametrajlı filmlərin də bir neçə növü var.
   Bədii - süjet, aktyor oyunu, məkan, zaman, fantastika, musiqi kimi kinonun məlum ifadə vasitələrindən istifadə edən, adətən, başlanğıc -kulminasiya - final kimi ekspozisiyaya, əhvalatın ənənəvi inkişaf qaydalarına əməl etməyən film növüdür.
   Eksperimental qısametrajlı film - yuxarıda sadaladığımız və digər məlum kino anlamları və qaydalarından yararlanmaqla bərabər, həm də yeni nəqletmə üsulları yaradan və onları inkişaf etdirən, yaradıcı fantaziyanın sərhədlərini genişləndirən film növüdür. Bundan əlavə Türkiyənin kino aləmində ən öndə gedən eksperimental kinematoqrafçılarından hesab edilən Sabri Kaliçin dediyi kimi: «eksperimental kino, kino ilə ilk gündə yaranmış, onu daima böyüdən, bir növ «kino laboratoriya» funksiyasını yerinə yetirən, adət etdiyimizdən fərqli nümunələr istehsal edən film növüdür».
   Qısametrajlı film həmişə mövzusunu, mövqeyini özü yaratmış bir sənət növüdür. İnkişaf etmiş ölkələrin hər birinin qısa filmlə bağlı özünəməxsus proqramları var. Həmin dövlətlərdə proqramlar hazırlanarkən ölkələrin iqtisadi, mədəni durumu mütləq nəzərə alınır. Eyni məkanda cərəyan edən depression gənclik əhvalatları, intihara çalışanlar, səbəbi tam açıqlanmayan cinayətlər, film boyu kimdənsə (adətən, özlərindən) qaçan insanlar, istifadə edilən populyar musiqilər- bütün bunlar qısa filmin nöqsanları hesab edilir və qüsurlara əsas səbəb kimi maliyyə çatışmamazlığı göstərilir. Məsələn, Türkiyədə belə hesab edirlər ki, bu tip səbəblər mübahisəlidir və filmin zəif alınması üçün göstərilənlər əsas ola bilməz. Türkiyədə inkişaf edən və ucuzlaşan texnologiyadan istifadə xaricdən fərqli olaraq, nədənsə, pis təsvirə, asan nəqletməyə, bəsit formaya yol açıb. Türk kino tənqidçilərinin fikrincə, qısa film tammetrajlıdan daha üstündür və əgər rejissor qısa film çəkməyə girişirsə, mütləq ya orijinal söz deməlidir, ya da sadə sözü çatdırmaq üçün orijinal forma seçməlidir. Əks halda bu işə girişməyin mənası yoxdur. Bununla belə, rəqəmsal videokameraların kütləvi hal alması, ucuzlaşması, kino üçün yeni kompyuter proqramlarının qiymətinin düşməsi qısametrajlı film istehsalçıları üçün ələdüşməz fürsətdir. Bunu şansa, prioritetə çevirməksə bizlərin əlindədir.
   Dünyada qısametrajlı film istehsalının artması əvvəlcə yerli, daha sonra beynəlxalq kino qurumlarının yaradılmasına səbəb olub. Bunun sayəsində qısametrajlı filmin digər növləri indi daha sürətlə yayılır. Həmçinin məhsulun növü və keyfiyyəti artır, gənclərin rejissorluq, ssenaristlik, aktyorluq kimi qısametrajlı filmə xas istiqamətlərdə təcrübə qazanmalarına şərait yaranır.
   Türkiyəli kinotənqidçi Hilmi Etikanın fikrincə, qısa filmi inkişaf etdirməyin və iflasdan qurtarmağın bir neçə yolu var:
   Birincisi, Fransada «Unifrance», Yunanıstanda «Greek Film Centre», Macarıstanda «Hunqary Film Unio», Meksikada «İnstituto Mexicanode Cinematoqrafia» ya da İranda «İranian Yonq Cinema Sosiety» nümunələrində olduğu kimi, hər bir ölkədə xüsusi mərkəz yaradılmalıdır. Bu mərkəzin tərkibində qısa filmə geniş miqyaslı yer ayrılmalıdır. Cənab Etikan geniş miqyas deyəndə sadəcə, gənclərə film verilməsini və ya çəkilişlər üçün yetərli maliyyə ayrılmasını nəzərdə tutmur. O , geniş miqyas fikrini 3-4 mərtəbəli bina, ən azı on beş adamın davamlı işlədiyi işçi qrupu, kompyuter texnologiyası, arxiv, film nümayişi üçün xüsusi otaqlar, web-site - deyərək izah edir. Etikana görə, bütün bunlara çəkiləcək xərclər dövlət büdcəsindən ödənilməlidir.
   İkincisi, Danimarkada «The National Film School of Denmark», İngiltərədə «London Film School», Polşada «Polizsh National Film,TV and Theatre School» məktəblərində olduğu kimi, rejissor assisenti, səs, işıq, aktyor seçimi üzrə ixtisaslar ayrılmalıdır.
   Üçüncüsü, Avstriyadakı «Sixpackfilm», Belçikadakı «Ha Boife Production», Fransadakı «Premium Films» kimi qısametrajlı filmləri maliyyələşdirən film-prodakşnlar yaradılmalıdır. Qısametrajlı film rejissorlarına çəkilişlərə hazırlıq prosesindən başlayaraq premyeraya qədər ciddi maliyyə yardımları edilməlidir. Burda güc yalnız özəl şirkətlərin yox, həm də dövlətin də üzərinə düşür. Günümüzdə normal şəraitdə çəkiləcək bir qısa metrajlı film üçün lazım olan büdcə təxminən 40.000 avrodur.
   
   Aytək