1941-ci ilin 21 yanvarında Cəlilabad şəhərində anadan olub. Şəxsiyyət vəsiqəsində təvəllüd tarixi 23 yanvar yazılıb. Çünki 21 yanvarda o dövrün dahi rəhbəri V.İ. Lenin vəfat etmişdi. Keçmiş SSRİ-də “böyük rəhbər”in ölüm günü doğulmaq olmazdı. Amma Elşad Quliyev Leninin ölüm günündə doğuldu və gələcəkdə Azərbaycanın televiziya sahəsinin ilk peşəkar mütəxəssislərindən biri oldu.
   
   O vaxtkı Azərbaycan televiziyasının dublyaj redaksiyasında tərcüməçi kimi fəaliyyətə başlayan E.Quliyev sonralar televiziyanın rəhbəri vəzifəsinə qədər yüksəlir. Dublyaj redaksiyasındaki yüksək işi televiziyanın digər redaksiyalarına da səs salır. Tezliklə onu Azərbaycan televiziyasının proqram baş redaktoru təyin edirlər. 4-5 il sonra - 1970-ci ildə Teleradio Komitəsində sədrin birinci müavini təyin olunur, özü də 29 yaşında. 1983-cü ilə qədər həmin vəzifədə çalışan E.Quliyev televiziya sahəsində bir çox yeniliklər edir. O illərdə Teleradio Komitəsinin sədri işləyən Qurban Yusifzadə tələbkar olsa da, TV sahəsini bir o qədər də dərindən bilmirdi. Bütün işləri istedadlı mütəxəssis Elşad Quliyev həyata keçirirdi. O, yeniliyə günün özündən - gündəlik xəbərlərdən başladı. “Günün ekranı” informasiya proqramını hər gün efirə çıxartdı. Televiziyaya yeni texniki avadanlıqlar alındı. Canlı verilişlərin sayını artırdı.
   1983-cü ildə Teleradio Komitəsinin sədri təyin olunan E.Quliyev 1990-cı ilə qədər bu vəzifəni icra edir. Həmin illəri Azərbaycan televiziyası tarixində renesans dövrü adlandırırlar. Söhbət gedən tarixin televiziya tamaşalarının (“Topal Teymur”, “Ordan-burdan”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s.) adlarını çəkmək kifayətdir. Bu tamaşalarda (rejissor Ramiz Həsənoğlu) kameralar ilk dəfə olaraq pavilyonlardan kənara çıxdı, naturada çəkilişlərin sayı çoxaldı. Tamaşaçılar telekadrların real həyata yaxınlaşdığının şahidi oldular. 80-ci illərdə informasiya proqramlarının yenilənməsi prosesi baş verdi. “Günün ekranı” xəbərlər proqramı Mərkəzi Televiziyanın (keçmiş SSRİ) “Zaman” xəbərlər proqramıyla rəqabətə girə bilirdi. “Retro” kinozalı verilişinin yaradıcısı da Elşad Quliyevdir. Bildiyimiz kimi, həmin illərdə sovet televiziyasında xarici filmlərin nümayişinə sərt qadağalar var idi. Amma E.Quliyev Azərbaycan televiziyasında ona qarşı olan bir çox təzyiqlərə baxmayaraq, bu səddi də cəsarətlə aşdı. 1983-cü ildən başlayaraq hər şənbə kinoşünas Ayaz Salayev tamaşaçılara bir xarici film və bu filmin mənsub olduğu janr barədə əhatəli danışırdı. Ardınca isə filmin özü nümayış olunurdu. Qeyd edək ki, Ayaz Salayevi “Retro” kinozalına aparıcı kimi E.Quliyevə Moskva Kinematoqrafiya İnstitutunda oxuyan oğlu Cəmil Quliyev məsləhət bilmişdi. Bütün bu yenilikləri Elşad Quliyev istedadlı adamlarla işləyərək həyata keçirirdi. Saymaqla bu yeniliklər bitməz. Ümumiyyətlə, Azərbaycan televiziyasının hər sahəsində baş verən yeniliklər o dövr üçün yüksək göstərici idi. Hətta 1988-ci ilin meydan hərəkatını işıqlandırmaq da böyük hünər idi. Amma onu da qeyd edək ki, bunları həyata keçirməklə televizyonçu Elşad Quliyev öz həyatını təhlükə altında qoyurdu. Sovet dövründə televiziyada bu yeniliklərə görə E.Quliyevə çoxlu təzyiqlər olurdu. Onun haqqında yuxarı dairələrə yüzlərlə anonim məktublar yazılırdı. Amma bu məktublara Elşad Quliyev prinsipindən, mənəvi kredosundan geri çəkilməməsi ilə cavab verirdi. Hətta o, 1993-cü il avqustun 16-da Azərbaycanda ilk özəl telekanal olan BMTİ-ni yaradır. Sonradan yaranan özəl telekanallar əslində 1994-cü ilin mayında bağlanan BMTİ modelindən istifadə etdilər. Elşad Quliyev həmçinin televiziya ilə bağlı bir çox kitabların müəllifidir.
   Sonda onu da demək olar ki, Elşad Quliyev 70-80-ci illərdə Azərbaycan televiziyasında etdiyi yeniliklərlə televiziyanı həm də qeyri-peşəkarların buxovundan təmizləyə bilmişdi. O, ilk dəfə olaraq televiziyanın nə olduğunu və televiziyanın yazılı mətbuatdan nə ilə fərqləndiyini əyani şəkildə göstərdi.
   Mayın 29-da televizyonçunun vəfatından düz bir il ötdü. Amma nə qədər ki, televiziya var, bir o qədər də Elşad Quliyev yaşayacaq.  

   İntiqam