Bu il münsiflər heyətində A kateqoriyalı festivalın baş mükafatçısı iştirak edə bilər
   
   «START» Beynəlxalq Tələbə Filmləri Festivalı Oberhauzen Film Festivalının partnyorlarından biridir. Bu barədə «START» Film Festivalının mətbuatla iş üzrə koordinatoru Nərmin Muradova məlumat verib. Onun bildirdiyinə görə, ötən ilin noyabr ayında Oberhauzen Film Festivalınını nümayəndəsi Bakıda səfərdəykən, «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzində olmuş və festivallar arası əlaqələrin genişlənməsi istiqamətində danışıqlar aparmışdır: «START» Beynəlxalq Tələbə Filmləri Festivalı bu il keçirilən 55-ci Oberhauzen Qısametrajlı Filmlər Festivalının kataloqunda rəsmi tərəfdaş kimi göstərilib. Düşünürəm ki, bizim festivalın dünyanın nüfuzlu festivallarından biri ilə əməkdaşlıq etməsi gənc kinematoqrafçılarımızın işinə də təsir edəcək. Məhz «Cinema» mərkəzinin xətti ilə yerli filmlərin Oberhauzen festivalında iştirak etməsinə çalışırıq. Məncə, belə bir səviyyəli festivalın Azərbaycan üzrə nümyəndəsi olmaq böyük nəticədir. Yeni planlarımızda bundan da böyük hadisələrlə kino ictimaiyyətimizi çaşdıracağımızı düşünürük. Ancaq bunu deyə bilərəm ki, Avropanın ən böyük festivallarında Qran Pri almış məşhur rejissorun bizim festivalda jüri kimi iştirak etməsinə çalışırıq».
   Koordinatorun sözlərinə görə, «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi gələn ildən etibarən Oberhauzen festivalında qalib gəlmiş filmlərin Azərbaycanda nümayişini təşkil etməyi planlaşdırır. Bu barədə Nərmin xanım belə dedi: «Bunun üçün artıq danışıqlar aparılır və müsbət nəticələr əldə olunmaqdadır. Ola bilsin bu il keçirilcək «START» Beynəlxalq Tələbə Filmləri Festivalının proqramında həmin filmlər nümayiş etdirilsin».
   Qeyd edək ki, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə ötən il V «START» Beynəlxalq Tələbə Filmləri Festivalı keçirildi. 5 il ərzində festivalda dünyanın 17 ölkəsindən olan filmlər iştirak edib və onlar arasında ən yaxşıları münsiflər heyəti tərəfindən seçilərək, qiymətləndirilib.

  İntiqam