“Kinomuz inkişafdadır”. Bu ifadəni kinomuza məsul olan rəsmilərin dilindən tez-tez eşitməli oluruq. Bəs “kinomuz inkişafdadır”la razılaşanlar varmı? Razılaşanlar da, razılaşmayanlar da var. Bu isə normaldır. Bəs reallıq necədir?
   
   Kinonun prodüseri
   
   Yarım əsrdən çox bir müddətdə kinomuzun prodüseri sovet dövləti olub. Bu dövlət istədiyi filmi sifariş edib, istənilən mövzunun ekranlaşdırılmasının qarşısını alıb. Çəkilişinə icazə verdiyi ekran məhsulunun maliyyə işlərini isə film direktorlarına tapşırıb. Sovet dövlətinin dağılması ilə kino öz prodüserini itirdi. Müstəqil şəxslərin kinoya prodüserlik etməsini isə bu tezliklə qəbul etmək çətin oldu. Belə məqamda kinomuz bir müddət tamamilə özünü itirdi. Hərə öz təklifi ilə kinomuzun problemlərini artırdı. Bu proses 2002-ci ilə qədər davam etdi. Ölkədə vəziyyət sabitləşdikdən sonra müstəqil dövlətimiz kinonu yenə öz himayəsinə götürdü. Azərbaycan kinosu ovaxtkı Mədəniyyət Nazirliyinə tapşırıldı. İlkin olaraq ildə iki film “Azərbaycanfilm” kinostudiyasında istehsalata buraxıldı. Filmin istehsalat işi köhnə qaydada aparılırdı. Dövlət maliyyəni “Azərbaycanfilm” kinostudiyasına, bu təşkilat da həmin maliyyəni sifariş olunan filmin istehsalatına yönləndirdi. Bunlar ilkin addımlar idi.
   Ardınca kino istehsalı ilə məşğul olmaq istəyən prodüser mərkəzləri yarandı. Mədəniyyət Nazirliyi prodüser kinosunun yaranması üçün həmin mərkəzlərlə iş birliyinə start verdi. Çox maraqlı idi ki, filmin istehsalına lazım olan bütün maliyyəni nazirlik ödəyirdi. İlk işbirliyi üçün bu, labüd idi. Amma indiyəcən də bu belədir. Mədəniyyət və Turizm Nazırliyi prodüser mərkəzləri ilə hələ də bəlli sistemlə işləyir. Artıq dövlət bu mərkəzlərlə ildə 4-5 tammetrajlı film istehsal edir. Hətta filmə lazım olan maliyyənin, demək olar ki, hamısını ödəyir. Bütün bu işlərin nəticəsində Azərbaycanda kino sahəsində durğunluq aradan qaldırıldı. Müxtəlif layihələrlə gənclər kino sahəsində çalışmağa başladı. Hazırda müstəqil kino şirkətləri və “Azərbaycanfilm” kinostudiyası ilə Mədəniyyət və Turizm Nazırliyinin iş birliyi davam edir. İldə istehsal olunacaq filmlərin sayı isə 8-ə qaldırılıb. Dövlət (Mədəniyyət və Turizm Nazırliyi) öz üstünə düşən vəzifəni yerinə yetirir. Prodüser mərkəzlərinin inkişafı və prodüser kinosunun yaranması üçün lazım olan addımlar atılır. Şübhəsiz ki, burada dövlətin maraqları nəzərə alınır. Bəs qarşı tərəf (müstəqil kino şirkətləri) bu müddət ərzində hansı nailiyyətlər əldə ediblər? Prodüser kinosunun yaranması naminə nə kimi işlər görülüb?
   
   Kinonun icraçı prodüseri
   
   Prodüser mərkəzləri isə hələlik dövlətin ayırdığı maliyyənin müqabilində film istehsalı ilə məşğuldurlar. Bu təcrübə keçmiş sovet respublikalarında da var. Amma onların əksəriyyətində və əsasən də Rusiyada müstəqil kino şirkətləri təkcə dövlətin ayırdığı maliyyə ilə kifayətlənmirlər. Onlar sözün həqiqi mənasında kino prodüserliyi ilə məşğul olurlar. Deməli, bizdə özünü prodüser adlandıran şəxslər sadəcə icraçı prodüserlərdir. İcraçı prodüser tamamilə fərqlidir. Loru dildə desək, icraçı prodüser PRODÜSERin missiyasını yerinə yetirir. Nəticədə dövlətin (prodüserin) sifarişi ilə film istehsal edən müstəqil kino şirkətləri (icraçı prodüserlər) prodüserin sifarişlərini yerinə yetirirlər. Sözügedən proses 5-6 ildir davam edir. Bu müddət isə təcrübə üçün heç də az deyil. Artıq vaxtdır, kino öz prodüserlərini gözləyir. 

   İntiqam Hacılı