Zəngin həyat və yaradıcılıq yolu keçmiş unudulmaz sənətkarımız, Azərbaycanın xalq artisti, kinorejissor, ssenarist, aktyor Tofiq Tağızadə 1919-cu ildə Bakıda müəllim ailəsində anadan olub. Hələ uşaq yaşlarından incəsənətə maraq göstərmiş, 5 il musiqi məktəbində təhsil almışdır. Daha sonralar incəsənətə məhəbbəti onu Moskvaya ÜDKİ-yə gətirib çıxarır və o, rejissorluq fakültəsinə daxil olur. Müəllimləri S. Yutkeviç və L. Kulaşovdan dərs alan T.Tağızadə təhsilini uğurla başa vurub “Mosfilm” kinostudiyasına təyinatını alır. Ancaq gənc rejissor vətəndə yaşayıb işləməyi üstün tutur, ona görə də 1954-cü ildə Bakıya qayıdır. T.Tağızadə 1955-ci ildə özünün ilk filmini - “Görüş” kinokomediyasını çəkir. İlk işindən ruhlanan rejissor 1958-ci ildə Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan məşhur “Uzaq sahillərdə” filminə quruluş verir. Film Kiyevdə keçirilən Ümumittifaq Kinofestivalında diploma layiq görülür. Bundan sonra Tofiq Tağızadə müxtəlif illərdə “Əsl dost”, “Mateo Falkone”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Evin kişisi”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam”, “Köpək” və s. filmlərini yaradıb.
   Bu həftə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə keçirilən tədbir də məhz Tofiq Tağızadənin 90 illik yubileyinə həsr olundu. Tədbiri açıq elan edən kinoşünas Aydın Kazımzadə rejissorun yaradıcılığı haqqında danışdı: “Tofiq Tağızadə deyəndə Azərbaycan kinosunun çox böyük bir mərhələsi yada düşür. 30-cu illərin sonu filmlərin istehsalında böyük böhran yaranmışdı. Bu böhran demək olar ki, Stalinin vəfatından sonra başa çatdı. Bundan sonra totalitar rejimin çərçivələri genişləndi və bir neçə kino işçimiz, o cümlədən Tofiq Tağızadə Azərbaycan kinosunun inkişafında böyük rol oynadı. O, çox işgüzar, kinonu sevən biri idi. İlk çəkdiyi film “Görüş” olsa da, ikinci çəkdiyi “Uzaq sahillərdə” filmi ona böyük şöhrət gətirdi. Hətta Mehdi Hüseynzadənin bacısı Pikə xanım filmin premyerasında öz xatirələrində yazırdı ki, filmdə aktyor oyunu, rejissor işi o qədər dolğun, inandırıcı idi ki, sanki filmdə qardaşım Mehdini canlı olaraq görüb hiss edirdim. Tofiqin belə böyük zəhmətlə ərsəyə gətirdiyi filmlərində - mənəviyyat, insanların birliyi, qəhrəmanlıq, həqiqət ön plana çəkilirdi. Özü də çox incə yumora malik zarafatcıl insan idi, lakin işində çox ciddi olurdu. Onun ən populyar, böyük ajiotaj yaratmış, bir filmi də var idi ki, bu da “Yeddi oğul istərəm” idi. Hətta filmlə bağlı xarici ölkələrdən ona məktublar da gəlirdi”.
   Daha sonra tədbirdə onunla birgə filmdə çalışmış operator Fərəməz Məmmədov, Azərbaycanın görkəmli rəssamı Rafiq İsmayılov da öz ürək sözlərini, xatirələrini danışaraq T. Tağızadəni yad etdilər. Tədbirdə rejissorun çəkdiyi filmlərdən fraqmentlər göstərildi. Özünün də aktyor kimi çəkildiyi “Qızıl qaz”, “Qəribə adam”, “Bəxt üzüyü”, “Anlamaq istəyirəm” və s.filmlərdən kadrlar da nümayiş etdirildi.
   Tofiq Tağızadə sənətdə öz sözünü deyərək adını əsl sənətkarlar sırasında möhürləyə bilmişdir. Elə özünün dediyi kimi: “Sənətkar əgər yaratdığı əsərlərdə öz sözünü deyib qurtarırsa, deməli, onun yaradıcılığında qapanma əmələ gəlir. Sənətdə söz deyib nöqtə qoymaq qeyri-mümkündür”.   

    Yeganə Cansail